Xəbəri Kokpitdə Oxuyun!

C6 tərkib Bakıdakı strategiyaya təsir edəcək?

Pirelli Azərbaycan Qran Prisi üçün ötən illə müqayisədə bir pillə daha yumşaq olan üç ən yumşaq tərkibi seçib. Beləliklə, Bakıda Soft rolunda C6 çıxış edəcək. Komandalar bu tərkibdən İmola, Monako və Monrealda istifadə ediblər. Medium kimi C5, Hard kimi isə C4 tətbiq olunacaq.

Bakı şəhər trasının asfalt örtüyü aşağı ilişmə və az yeyilmə səviyyəsi ilə xarakterizə olunur. Əgər Pirelli ötənilki tərkibləri gətirsəydi, bu, demək olar ki, bütün komandalara yarışı yalnız bir pit-stopla bitirməyə imkan verəcəkdi. Ən yumşaq tərkibə üstünlük verilməsi isə nəzəri cəhətdən iki pit-stoplu strategiyanın mümkün olmasını təmin edir.

Bununla belə, Pirelli mühəndislərinin qeyd etdiyi kimi, komandalar və sürücülər mövsüm ərzində təkər resursunu çox qənaətlə istifadə etməyi öyrəniblər. Buna görə də strategiyalarda böyük müxtəliflik gözləmək çətin olacaq. Bundan əlavə, Bakının uzun düzlüklərində maşınlar çox yüksək sürətlər toplayır, nəticədə təkərlərə ciddi şəquli yüklənmə düşür.

Əgər geniş start-finiş düzüyündə eyni anda üç maşın yanaşı hərəkət edə bilirsə, tarixi İçərişəhərdən keçən dar sahələrdə, xüsusən də 8-ci döngədə tras əhəmiyyətli dərəcədə daralır. Belə traslarda divarların yaxınlığı səbəbindən sürücülərin demək olar ki, səhv etmək şansı yoxdur – ən kiçik səhvlər belə baha başa gəlir. Buna görə həm şənbə, həm də bazar günü sarı bayraq və təhlükəsizlik maşınının trasda görünmə ehtimalı yüksəkdir.

Sürət üzrə qeyri-rəsmi rekord məhz Bakıda müəyyən olunub: Valtteri Bottas 2016-cı il yarışından əvvəlki sıralanma turunda Mercedes mühərrikli Williams FW38 ilə 378 km/saat sürət yığmışdı. Buna görə mühəndislər üçün optimal aerodinamik yüklənmə balansını tapmaq çətin vəzifədir – həm sıralanma turunda, həm də yarışda sürət üçün düzgün kompromis seçilməlidir.

Bakıda hər dövrədə təkərlərin temperaturu daimi olaraq istiləşmə və soyuma dövrlərinə məruz qalır. İçərişəhərin ən dar sahələrində təkər təxminən 90 dərəcəyə qədər qızır. Lakin 16-cı döngədən sonra başlayan uzun düzlüklərdə və 1-ci döngəyə qədər olan əyləcləmə zonasına qədər təkərlərin temperaturu xeyli azalır – ön təkərlərin temperaturu düzlüyün sonunda cəmi 40 dərəcə ola bilər. Bu isə sıralanma turunda, yarışda və təhlükəsizlik maşınından sonra restartlarda əyləcləmə zamanı səhvlərə gətirib çıxara bilər.

Təkər temperaturunun azalmasına təsir edən əlavə amillər – binaların kölgələri və trasın açıq sahələrində əsən güclü küləkdir.

Rauf Hacıyev

Şərh əlavə et