Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Trident Stenshorn və van Höpenlə yarışacaq

Trident komandası Bakıda keçiriləcək npvbəti mərhələdə Martinius Stenshorn və Lorens van Höpenlə yarışacaqlarını bildirib. Hər iki sürücü son mövsümdə Formula 3-də çıxış edib, lakin mövsümün başa çatması səbəbindən indi Formula 2-də debüt etmək imkanı qazanıblar.

Kokpit.az xatırladır ki, McLaren-in gənclər proqramının üzvü Stenshorn Hitech komandasında yarışıb və çempionatda 5-ci yeri tutub. Onun aktivində iki qələbə və üç podium var. Niderlandlı van Höpen isə ART komandasında çıxış edib və mövsümü 12-ci pillədə başa vurub, lakin bir neçə dəfə podiuma yüksəlib. Onlar Trident-in heyətində Maks Esterson və Sami Megetunifi əvəz ediblər. İtalyan komandası mövsümün sonuna üç mərhələ qalmış bu sürücülərlə yollarını ayırıb.

Martinius Stenshorn: “Bakıdakı növbəti F2 mərhələsində Trident Motorsport-a qoşulduğum üçün çox qürurluyam. Bu, özümü göstərmək üçün çox maraqlı bir fürsətdir və komanda ilə birlikdə bu unikal və çətin trasda işə başlamaq üçün səbirsizlənirəm. Tam gücümlə çalışacaq və bu yeni təcrübədən maksimum yararlanmağa çalışacağam”.

Lorens van Höpen: “Formula 2-də Trident Motorsport ilə debütümü səbirsizliklə gözləyirəm. Bu, daha yüksək kateqoriyaya keçmək və Bakının heyrətamiz trasında çıxış etmək üçün əla imkandır. Burada mükəmməl pilotaj texnikası tələb olunur. Mənim üçün bu çox dəyərli bir təcrübə olacaq və gələcəkdə özümü daha da inkişaf etdirəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et