Maks Ferstappen Montsada McLaren-lərə böyük fərq ataraq qazandığı inamlı qələbədən sonra təəccüblənmişdi. Bu nəticə yeni suallar ortaya çıxardı: Red Bull-un sürəti yalnız Montsa üçün keçərli idi yoxsa mövsümün qalan hissəsində də onlar güclü olacaqlar?
Komanda rəhbəri Loren Mekis Montsa üçün xüsusi yeniliklər hazırladıqlarını və yeni altlıqla birlikdə aerodinamik paketdə ciddi inkişaf əldə olunduğunu bildirib. Lakin o, bu performansın Bakıda da təkrarlanıb-təkrarlana bilməyəcəyini görmək üçün gözləmək lazım olduğunu deyib.
Maks Ferstappen də eyni fikirdədir: “Montsa aşağı asfaltayatma qüvvəsi tələb edən trasdır. Bizim maşın bu şəraitdə daha rəqabətədavamlı görünür. Bu, hər həftə sonu zirvədə olacağımız mənasına gəlmir”.
Red Bull-un yeni yanaşmasının diqqətçəkən tərəfi yalnız simulyasiya məlumatlarına deyil, sürücü geribildirimlərinə də daha çox əhəmiyyət verilməsi olub.
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bu barədə deyib: “Artıq yalnız simulyasiyaya baxmırıq. Maksın təcrübəsini və mühəndislərin baxışını birləşdiririk”.
Texniki direktor Pyer Vaşe də bunu təsdiqləyib: “Zandfortda doğru istiqaməti tapmışdıq, amma oradakı yüksək asfaltayatma qüvvəsi bizim üçün əlverişli deyildi. Montsada paketi daha yaxşı optimallaşdırdıq. İndi isə Bakıda nəticəsini görəcəyik”.
Bakının uzun düzlük hissələri Red Bull üçün üstünlük sayılsa da, trasın enişli-yoxuşlu təbiəti və dar şəhər küçələri komandanın zəif tərəflərini üzə çıxara bilər. Buna baxmayaraq Helmut Marko yenə də nikbindir: “Əgər sürətimizi qoruyub saxlaya bilsək, əksər traslarda rəqabətədavamlı olarıq. Sinqapur hələ də bizim üçün çətindir, amma Bakıda ümidliyəm”.
Red Bull Montsadakı tempini Bakıya da daşıya bilsə, mövsümün qalan hissəsində yenidən titul uğrunda mübarizəyə qayıda bilər. Bununla belə, McLaren-in davamlı yüksək tempi Ferstappen və komandasını ehtiyatlı olmağa məcbur edir.
Şərh əlavə et