Xəbəri Kokpitdə Oxuyun!

Q.Loudon: Rəqiblərin hörmətini qazanmalıyıq

Qrem Loudon bir vaxtlar Marussia komandasının idman direktoru olub, sonra da avtoidmanla bağlı müxtəlif layihələrdə çalışıb, məsələn, Quanyu Çjounun menecerliyini edib. İndi isə o, yeni komanda Cadillac F1-in rəhbəridir.

Çempionatın rəsmi saytına verdiyi müsahibədə General Motors konserninin zavod komandasının Formula 1-də debütünə hazırlıqlar barədə danışıb. Bu yaxınlarda vacib hadisə baş verib: avqustun sonunda komandanın heyəti elan edilib – 2026-cı ildə Cadillac-ı təcrübəli pilotlar Valtteri Bottas və Serxio Peres təmsil edəcək.

Qrem Loudon: “Hamı seçimimizi təcrübədən yana etdiyimizi başa düşür  Biz Valtteri və Serxionu seçdik. Onlara bunu deyəndə hər ikisinin gözündə sevinc qığılcımları göründü, bu da mənim üçün çox vacibdir.

Həvəslilik hazırda bizə lazım olan əsas keyfiyyətlərdəndir. Əgər komandan üçün yarışan pilotlar düzgün əhval-ruhiyyəyə sahibdirsə, bu işimizə fayda gətirir. İndi biz komandamızı qururuq, deməli, həmrəy bir kollektiv yaratmalıyıq.

Əlbəttə, 2026-cı ildə əldə edəcəyimiz üstünlüklərdən biri ondan ibarətdir ki, adi ildə testlər üçün cəmi üç gün ayrıldığı halda, həmin mövsümdə əvvəlcə Barselonada, sonra isə Bəhreyndə əlavə iki test seriyası keçiriləcək. Biz testlərdə üç dəfə çox vaxt qazanacağıq və bu da Valtteri ilə Serxionun sürət tapmasına kömək edəcək…

Pilotların maşının quruluşunun bütün sirlərini bilməsi vacib deyil, amma  Valtterinin hələ də padokdan ayrılmaması çox dəyərlidir. O, hər həftəsonu Mercedes mühəndisləri ilə keçirilən iclaslarda iştirak edir, buna görə də onun texniki hazırlığı yüksək səviyyədə qalır.

Əgər rezerv pilotumuz Kolton Hertadan danışsaq, ilk olaraq deməliyəm ki, bu oğlan mənə çox xoş gəlir. Son iki ildə onu yaxşı tanıdım və onun yanaşmasını bəyənirəm – o, həqiqi yarışçıdır.

Bir çempionatda qələbələr uğrunda mübarizə aparıb digərinə test-pilot rolunda keçənlərdə bəzən reputasiya ilə bağlı suallar yaranır. Amma Koltonun dəyişikliklərə tez uyğunlaşacağına əminliyi xoşuma gəlir. Mənim görmək istədiyim də məhz budur…

O, amerikalıdır və biz insanları proqramımıza yalnız onların bacarıqlarına görə seçəcəyimizi demişik. Əgər onlar ABŞ-dan çıxırsa, bu sadəcə üstünlükdür, çünki biz amerikalı komandayıq… Üstəlik, biz onun yarış formasını qoruması üçün Formula 2-də çıxış etməsinə çalışacağıq. Hazırda 2026-cı il üçün müxtəlif variantları nəzərdən keçiririk, onlardan biri də məhz Formula 2-dir. Belə yarış təcrübəsi qazanmaq çox faydalı olacaq”.

Cadillac F1-də texniki direktor vəzifəsini uzun illər Renault komandasında işləmiş təcrübəli Nik Çester tutur. Baş konstruktor isə Formula 1-də yeddi müxtəlif komanda ilə əməkdaşlıq etmiş Con Makkilliam olub, ona mühəndislik məsələlərində Pət Saymonds məsləhət verir.

Qrem Loudon zarafatla deyir ki, komanda üzvlərinin ümumi təcrübəsi təqribən 2500 il təşkil edir: “Maşının hazırlanması qrafik üzrə davam edir və bu, yaxşı xəbərdir. Hazırda yarışlarda istifadə olunacaq ilk iki şassinin üzərində işləyirik. Bir müddət əvvəl biz sınaq prototipi hazırlamışdıq və o, FIA-nın homologasiya prosesi zamanı keçirdiyi eyni testlərdən uğurla çıxdı.

Bütün bu testləri prototip şassi keçdi. Böyük ehtimalla biz belə testləri keçirən ilk komandayıq, çünki digər komandalarda əvvəlki illərin təcrübəsi var. Amma biz real yarış şassisinin də homologasiyadan uğurla keçəcəyinə əmin olmaq istədik.”

Cadillac gələcəkdə  F1 maşınlarını Amerikada istehsal etmək istəyir, amma hələlik komandanın Indiana ştatındakı istehsal bazası tikilir və gələn il istifadəyə veriləcək. İlk vaxtlar isə komanda müxtəlif xarici təchizatçılarla əməkdaşlıq edəcək, əsas işlər isə Britaniyanın Silverstoun bazasında görüləcək.

General Motors tərəfindən hazırlanacaq xüsusi güc qurğusu 2029-cu ildən tez hazır olmayacaq. Buna qədər Cadillac F1 maşınlarında Ferrari mühərrikləri və sürətlər qutuları quraşdırılacaq. Lakin komanda sürət qutusunun korpuslarını artıq indi öz gücü ilə istehsal etməyi planlaşdırır.

Yanvarın əvvəlində Cadillac Silverstounda maşının ilkin test yürüşünü keçirməyi və onu çəkiliş günü ilə birləşdirməyi planlaşdırır.

Qrem Loudon:  “Formula 1 yarışlarını evdən izləyən hər kəs internetdən texniki reqlamenti yükləyə bilər, amma əsas problem də bundadır. Çempionatda 11 komanda var – əvvəllər on idi – və hamısı eyni texniki qaydalar çərçivəsində mübarizə aparır. Heç kim tamamilə fərqli tip maşın icad edə bilməz. Reqlament çox sərt çərçivələr qoyur, buna görə də rəqabət inanılmaz dərəcədə kəskin olur – biz bunu anlamalıyıq…

Əgər yeni komanda çempionata gəlib dərhal kifayət qədər rəqabətədavamlı çıxış etməyə başlasa, çempionatda çoxdan olan komandalar bundan çox narazı və hətta əsəbi ola bilər. Ümumilikdə, bizi çox çətin sınaqlar gözlədiyini başa düşürük. Bizim üçün uğur nədən ibarət olacaq – bunu müəyyənləşdirmək çətindir. Amma ilk növbədə işimizi mümkün qədər yaxşı görməli və rəqiblərin hörmətini qazanmalıyıq.

Hesab edirəm ki, bu, həmişə birinci vəzifə olmalıdır. Əgər biz bunu bacarsaq, deməli, doğrudan da yaxşı işləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et