Xəbəri Kokpitdə Oxuyun!

Misanoda Pirelli testləri olacaq

Pirelli 2027-ci ildən etibarən MotoGP-nin rəsmi təkər təminatçısı olacaq. İtalyan şirkət ilk MotoGP təkər testini 16 sentyabr çərşənbə axşamı Misano trasında keçirəcək.

MotoGP-nin 2027-ci il texniki qaydalarında ən böyük dəyişikliklərdən biri yeni təkər təminatçısının gəlməsi olacaq. 2016-cı ildən bəri MotoGP-nin yeganə təkər təminatçısı olan Michelin bu vəzifəni Pirelli-yə təhvil verəcək.

Milan mərkəzli istehsalçı hal-hazırda Moto2, Moto3, Dünya Superbike Çempionatı və Formula 1 üçün təkərlər istehsal edir. Bununla da Pirelli, MotoGP-nin üç əsas kateqoriyasından da məsul olacaq. Şirkət yeni standartlara uyğun məhsul hazırlamaq üçün mərhələli şəkildə inkişaf proqramına start verib.

İlk testin əslində iyun ayında Araqon trasında keçirilməsi planlaşdırılsa da, testlər  San-Marino Qran Prisindən sonra Misano trasında baş tutacaq.

Testdə beş sınaq sürücüsü iştirak edəcək, hər biri fərqli istehsalçı ilə trasa çıxacaq:

  • Mikele Pirro (Ducati)
  • Lorenzo Savadori (Aprilia)
  • Dani Pedrosa (KTM)
  • Takaaki Nakaqami (Honda)
  • Avqusto Fernandes (Yamaha, yeni V4 M1 ilə xüsusi dəvət yarışçısı)

Pirelli mühəndisləri pilotlara 5–6 müxtəlif tərkibli təqdim təqdim edərək, onların dözümlülüyünü, məsafə potensialını və performans limitlərini yoxlayacaq.

İstifadə ediləcək motosikletlər mövcud MotoGP prototipləri olacaq, lakin 2027 qaydalarını simulyasiya etmək üçün müəyyən dəyişikliklər ediləcək. Bu məqsədlə elektron güc azaldılacaq, hündürlük tənzimləyici cihazlardan istifadə olunmayacaq. O ildən etibarən həmçinin 1000cc-dən 850cc mühərriklərə keçiləcək, aerodinamika sadələşdiriləcək və “ride height” cihazları tamamilə ləğv olunacaq.

Misano testinin əhəmiyyəti böyükdür, lakin trasda ardıcıl dörd gün davam edən intensiv fəaliyyət yüksək ilişmə yaratdığı üçün nəticələri tam obyektiv əks etdirməyə bilər. Buna görə də Pirelli əlavə testlər planlaşdırıb. Mövsümün son yarışı Valensiya Qran Prisindən sonra və 19 noyabrda əlavə test günləri keçiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et