Xəbəri Kokpitdə Oxuyun!

Luka di Montedzemolo haqda kino çəkilib

Əgər lüğətə baxsaq, ingilis dilindəki «see red» söz birləşməsinin mənası həmişə «qəzəb, hiddət» kimi güclü emosiyalarla bağlı olur. Amma bu ifadə Ferrari şirkətinin keçmiş prezidenti Luka di Montedzemolo haqqında çəkilmiş yeni sənədli filmin adında işlədiləndə tam başqa məna daşıyır.

Britaniyalı rejissorlar Kristofer Armstrong və Meniş Pandi tərəfindən çəkilmiş və ssenarisini Pandinin yazdığı film belə adlanır: Luca: Seeing Red («Luka: Qırmızını görmək» – amma, təbii ki, bunu sözün birbaşa mənasında başa düşmək lazım deyil).

Söhbət təkcə məşhur menecerin, bir çox italyanlar kimi, emosional olmasından getmir. Di Montedzemolo həm də Ferrari tarixində mühüm rol oynamış, “Skuderiya”nın 70-ci illərdə və 2000-ci illərdə qazandığı uğurlarla sıx bağlı simvolik fiqurlardan biridir.

Film 31 avqustda 78 yaşı tamam olan Luka Kordero di Montedzemolonun bioqrafiyasına həsr olunub. Orada onun həyatındakı və karyerasındakı taleyüklü hadisələrdən bəhs olunur. Özü də tələbəlik illərindən başlayaraq. O vaxt hüquq fakültəsində oxuyan Luka avtoidmanın böyük azarkeşi idi, hətta bir müddət rallidə çıxış etmiş, amma ciddi uğur qazana bilməmişdi.

Onu uğur başqa sahədə gözləyirdi: 1973-cü ildə Entso Ferrari Lukaya köməkçisi olmağı təklif etdi, bir il sonra isə 28 yaşlı di Montedzemolo artıq Ferrari komandasının idman direktoru təyin edildi.

Filmin tarixçəsini Meniş Pandi danışır. Ona şöhrət qazandıran «Senna» filmi idi, lakin onun paddokun digər görkəmli simalarına həsr olunmuş işləri də diqqətəlayiqdir: “Məni Lukayla 2012-ci ildə ortaq dostumuz tanış etdi. Mən o vaxt “Senna”dan dərhal sonra Ferrari barədə ssenari üzərində işimi başa vurmuşdum. Dostum di Montedzemoloya elektron məktub yazdı: “Niyə Menişlə tanış olmursan?”

Bundan qısa müddət sonra mən Maranelloda idim və biz artıq ideyalarımızı müzakirə edirdik. Hələ də xatırlayıram ki, “Lucky!” filmi üzərində işləyərkən Berni Ekkelstounla ilk görüşüm necə təsirli olmuşdu. Onun xüsusi bir xarizması var idi, Lukada da eyni keyfiyyət var.

Bizim görüşümüz cəmi yarım saat çəkdi, amma mən qeyri-adi bir insanla tanış olduğumu hiss etdim. Vidalaşarkən oğluma böyük radiodüyməli Ferrari modeli hədiyyə etdi – sadə görünən, amma həm səxavəti, həm də insani istiliyi ifadə edən bir jest idi…”

Filmin təqdimatı Milanda keçirilib. Tamaşaçılar qeyd edirlər ki, önəmli səhnələrdən biri Luka di Montedzemolonun Bolonya yaxınlığındakı villasında böyüyən 300 illik palıd ağacına həsr olunub. Güclü qar yağışından sonra ağacın gövdəsi çat vermişdi, ən asan yol onu kəsmək idi. Amma Luka müasir texnologiyalardan istifadə edərək ağacı qorudu və palıd bu gün də böyüməyə davam edir. Bu, di Montedzemolonun ənənələri qorumaq istəyini və doğma torpağa sevgisini göstərən əlamətdar jestdir. İndi o, həyatının yeni mərhələsində fermerliklə məşğul olur, kənd təsərrüfatını isə oğlu ilə birlikdə aparır. Oğlu heyvandarlıq sahəsinə cavabdehdir.

Luka Di Montedzemolo deyir: “Atam həmişə qəlbində torpağa sevgini daşıyırdı”.

O, Ferrari-də müxtəlif vəzifələrdə işlədiyi dövrlərdə komanda ümumilikdə 19 titul qazanıb – həm çempionluqlar, həm də Mühəndislər Çempionatları. O, 70-ci illərin ortasında Ferrari ilə iki dəfə Dünya Çempionu olan Niki Lauda ilə dost idi. 90-cı illərin uğursuzluq dövründən sonra isə Jan Todt ilə birlikdə komandanı əvvəlki səviyyəyə qaytardı. Məhz onun rəhbərliyi altında Mixael Şumaxer Ferrari ilə ardıcıl beş dəfə Dünya Çempionu oldu.

Filmdə belə bir epizod da var: Luka di Montedzemolo öz villasında köhnə kreslonu göstərərək deyir: “Bax, burada Senna o məşum bazar günü ərəfəsində, çərşənbə günü oturmuşdu. Biz onda razılaşmışdıq ki, o, Williams-dakı öhdəliklərindən azad olub Ferrari-yə keçəcək…”

Maraqlıdır ki, filmdə ümumiyyətlə Maranelloda çəkilmiş kadr yoxdur, çünki Ferrari-nin indiki prezidenti Con Elkan buna icazə verməyib.

Filmdə aparıcı rolunu tamaşaçıların bir vaxtlar məşhur Top Gear proqramından tanıdığı Kris Harris ifa edib.

Meniş Pandinin yeni işinin Britaniya premyerası 25 sentyabrda baş tutacaq, daha sonra film Avropa kinoteatrlarında nümayiş olunacaq.

Rauf Hacıyev

Şərh əlavə et