Xəbəri Kokpitdə Oxuyun!

Kolapintonun yerinə Dann?

Montsasa keçirilən mətbuat konfransında Franko Kolapinto jurnalistlərlə tam normal ünsiyyət qururdu, amma buna baxmayaraq, argentinalı sürücünün üz ifadəsi bir az qəmgin görünürdü. Ola bilsin ki, bu təəssürat yanlış idi və o sadəcə olaraq fikirli idi, amma digər tərəfdən, yaxşı əhval üçün səbəblərin olmaması da mümkündür.

Nəticədə İtaliya Qran Prisi Kolapinto üçün daha bir uğursuz yarış oldu – o, nə xal qazana bildi, nə də xal uğrunda mübarizə apardı. Həm şənbə, həm də bazar günü sonuncular sırasında idi. Doğrudur, Pyer Qasli də yaxşı nəticə göstərmədi, amma bu, artıq başqa hekayədir. Üstəlik, Alpine onunla müqavilənin uzadıldığını cəmi bir həftə əvvəl, ötən şənbə açıqlamışdı.

Kolapintonun vəziyyəti isə hələ də qeyri-müəyyəndir və şayiələr onun niyə son vaxtlar gülərüz görünmədiyini izah edir. Yaponiyanın Autosport Web nəşri yazır ki, Alpine onunla əməkdaşlığı davam etdirmək niyyətində deyil və onu əvəzləyəcək namizəd artıq tapılıb – bu, Aleks Danndır.

19 yaşlı irlandiyalı sürücü hazırda Formula 2-də Britaniyanın Rodin Motorsport komandasında çıxış edir, eyni zamanda McLaren-in gənclər proqramına daxildir və perspektivli pilot hesab olunur. Amma son vaxtlar F2-də bəxti gətirmir və çempionatda 5-ci yerə geriləyib, halbuki o, mövsümün ilk yarısında  liderliyə də yüksəlmişdi.

Şayiələrə inansaq, Alpine artıq McLaren ilə razılaşıb və Dannı “icarəyə götürmək” niyyətindədir. Bu halda, o, yaxın vaxtlarda TPC formatlı testlərdə Alpine sükanı arxasına keçə bilər – yəni keçmiş illərin bolidlərindən birini, çox güman ki, A522-ni idarə edəcək. Bu, ona kilometr qət etməyə və 2026-cı ildə Formula 1-də debütə hazırlaşmağa imkan verəcək.

Amma bütün bunlar hələlik yalnız söz-söhbətdir. Üstəlik, Alpine-in gənc və təcrübəsiz sürücülərlə bağlı mənfi təcrübəsi var: əvvəlcə Cek Duhən göndərildi, indi isə nəticələrin olmaması səbəbindən Kolapinto yerini itirə bilər.

Bəs bu cür təcrübələri davam etdirməyə dəyərmi? Axı tez-tez Albert Eynşteynə aid edilən (baxmayaraq ki, yəqin ki, səhvən) bir ifadə var: “Eyni şeyi təkrar-təkrar edib fərqli nəticə gözləmək mənasızdır”. Bu fikir vəziyyətin mahiyyətini  olduqca dəqiq əks etdirir.

Bəlkə də Mik Şumaxer barədə düşünməyin vaxtıdır. Yeddiqat dünya çempionunun oğlu Alpine ilə dözümlülük yarışlarında kifayət qədər səmərəli əməkdaşlıq edir, amma deyilənə görə Zek Braun onu özünün yeni Le-Man layihəsinə dəvət etməyə hazırlaşır. Bununla belə, Mikdə ən azı 43 Qran Prilik təcrübə, Formula 1-ə qayıtmaq üçün böyük istək və, yəqin ki, kifayət qədər psixoloji dözümlülük var – çünki karyerası boyu artıq çox şey yaşayıb.

Rauf Hacıyev

Şərh əlavə et