Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Nyui sənətkardır

Fernando Alonso Aston Martin-in baş mühəndisi Adrian Nyuini yüksək sözlərlə tərifləyib. İspan pilot komandasını 2026-cı ildən qüvvəyə minəcək yeni Formula 1 dövrünə hazırlayan britaniyalı dizaynerin iş prinsipinə heyran olduğunu bildirib.

Təcrübəli mütəxəssis Ədrian Nyui “yaşıllar”ın heyətinə qatılmamışdan əvvəl Red Bull-da 20 ilə yaxın baş texniki direktor vəzifəsində çalışıb. Onun rəhbərliyində hazırlanan maşınlarla “qırmızı öküzlər” 8 dəfə Sürücülər və 6 dəfə isə Mühəndislər çempionluğu qazanmışdı. Bu ilin əvvəlində Aston Martin-ə qoşulan britaniyalı mühəndis hazırda bütün diqqətini 2026-cı ilin qaydalarına uyğun yeni bolidin dizaynına yönəldib.

Fernando Alonso komandasının rəsmi YouTube kanalına verdiyi açıqlamada bunları deyib:

  • “O, şübhəsiz, idmanın indiyə qədər gördüyü ən yaxşı dizaynerdir və yəqin ki, heç kim onun nailiyyətlərinə çata bilməyəcək. İşləmə tərzi qazandığı uğurları izah edir”.
  • “Nyui maşını ayrı-ayrı hissələrdən ibarət görmür, bütünlüklə vahid bir struktur kimi dizayn edə bilir. Bu, inanılmaz qabiliyyətdir”.
  • “Hər şeyə tam nəzarət edir, onda böyük bir özünəinam var. Digər komandaların yanaşmaları barədə əsəbiləşmir, çünki onun dizaynının ən yaxşı olduğuna inanır”.

Aston Martin bu mövsüm çətinliklər yaşayır və hazırda Mühəndislər Kubokunda 6-cı yerdə qərarlaşıb. Lakin Alonso düşünür ki, Nyuinin 2026-cı il layihəsinə rəhbərlik etməsi  komanda üçün həlledici dönüş ola bilər: “Monako yarışına gəlmişdi. Sadəcə boksda dayanırdı, çox danışmırdı. Daim düşünür, ön təkərlərə toxunur, asılqana baxırdı. Məncə, o, mühəndisdən çox bir sənətkardır”.

Rauf Hacıyev

Şərh əlavə et