Xəbəri Kokpitdə Oxuyun!

Trident Bakıya yeni heyətlə gələcək

Formula 2 komandalarından Trident Azərbaycan Qran Prisində fərqli heyətlə çıxış edəcək.

Trident komandası Maks Esterson və Sami Meqetunif ilə yollarını ayırdığını açıqlayıb və gələn həftə paytaxtımız Bakıda keçiriləcək növbəti mərhələdə komandanın maşınlarını başqa sürücülər idarə edəcək.

İtaliya komandası rəsmi açıqlamasında bildirib: “Tərəflərin qarşılıqlı razılığı ilə 2025-ci il mövsümü başa çatmamış ayrılmaq qərarına gəldik. Qətiyyətinizə görə təşəkkürlər, Sami və Maks! Komanda hər ikinizlə işləməkdən məmnun qaldı və sizə gələcəkdə uğurlar arzulayırıq”.

Mövsümün sonuna üç mərhələ qalmış Trident komandası Mühəndislər Kubokunda cəmi iki xal toplayaraq sonuncu – 11-ci yerdə qərarlaşıb. Bu xalları Meqetunif İmola və Şpilberqdə qazanıb. Müvafiq olaraq, Sami çempionatda 19-cu, Maks isə 21-ci yerdədir.

Maks Esterson: “Bu mövsüm Formula 2-də komandanın zəhmətinə layiq nəticələr qazanmadıq. Bütün əməkdaşlar çox çalışdılar, lakin bu səylər gözləntilərin əksinə olaraq sabit sürətə və ya xallara çevrilmədi… Ümid edirəm ki, mövsümün son yarışlarında haradasa boş yer açılsa, Formula 2-yə qayıda bilərəm. Amma əsas diqqətimi 2026-cı ildə Formula 2-yə dönüşə yönəltmək niyyətindəyəm”.

Bir həftə əvvəl Montsada Formula 3 mövsümü başa çatdığı üçün böyük ehtimalla Bakıda Trident maşınlarının sükanı arxasında bu seriyanın sürücülərindən kimsə olacaq. Formula Scout yazır ki, əsas namizədlər 19 yaşlı norveçli Martinius Ştensxorn (McLaren-in gənclər proqramının üzvü) və 20 yaşlı niderlandlı sürücü Lourens van Höpen ola bilər.

Rauf Hacıyev

Şərh əlavə et