Mövsümün sonuna səkkiz yarış qalmış Ferrari-nin aktivində cəmi beş podium var, amma hələ də heç bir qələbə yoxdur. “Qırmızılar”ın sabiq prezidenti Luka di Montedzemolo hesab edir ki, komandaya hələ də Mattia Binotto rəhbərlik etsəydi, nəticələr daha yaxşı olardı.
Luka di Montedzemolo: “Ferrari-də çalışdığım illərdə öyrəndiyim və həmişə tətbiq etdiyim dərslərdən biri budur: qalib gələndə daha da çox işləməlisən, qalib gələ bilməyəndə isə ikiqat çox…
Düzgün insanları seçmək vacibdir. Mən Ferrari-yə rəhbərlik edəndə həm əsas, həm də ikinci dərəcəli vəzifələrdə çox yaxşı mütəxəssislərim var idi. Binottoya işi davam etdirməyə imkan verilsəydi, daha yaxşı öhdəsindən gələrdi.
Komandadakı daimi dəyişikliklər ən vacib elementlərdən birinin – sabitliyin itirilməsi deməkdir. Rəhbərlik dəyişəndə hər şeyə yenidən başlamaq lazım gəlir. Üstəlik, tez-tez edilən bəyanatlar gözləntiləri süni şəkildə artırır. Halbuki tam əksi olmalıdır – əvvəl nəticə əldə edilməli, sonra danışılmalıdır.
Mən Montsada möhtəşəm azarkeşlərin şəkillərini gördüm, sonra isə hələ də heç bir yarış qazanmayıb, sadəcə bəyanatlar verən komandanı. Bundan əlavə, Ferrari uzun illərdir ki, titullar qazana bilmir.
Mən dəhşətli dövrləri yaşamışam. Yanılmıramsa, doqquz və ya on titul son yarışda əldən çıxmışdı. Amma artıq neçə ildir Ferrari sürücüləri titul uğrunda mübarizə aparmır. Mən ümid edirəm ki, bu dəyişəcək. İlk növbədə, Montsada olan və komandaya dönmədən inanan azarkeşlər naminə. Məncə, Ferrari onların qarşısında daha da böyük məsuliyyət daşıyır”.
Şərh əlavə et