Xəbəri Kokpitdə Oxuyun!

E.Kardile Aston Martin-dən təsirlənib

Avqustun əvvəlində yazmışdıq ki, Ferrari və Aston Martin uzun aylar davam edən danışıqlardan sonra Enriko Kardilenin Britaniya komandasına keçidi barədə razılığa gəliblər. Orada o, texniki direktor vəzifəsini tutacaq və nəhayət işə başlaya biləcək.

İtalyan mühəndis ilk dəfə komandanın mətbuat xidməti ilə söhbətləşib və qarşısında duran vəzifələrdən danışıb.

Enriko Kardile: Aston Martin-də işləməyə başladığım üçün çox şadam. Bu komandaya qoşulmaq mənim üçün çox maraqlıdır, çünki mən onlara inanıram. Uğur qazanmaq üçün hər şeyə malikdirlər.

Mənim vəzifələrimə maşının yaradılması prosesinin tam idarə olunması daxildir: onun effektivliyi, aerodinamik xüsusiyyətləri, bütün mühəndislik və konstruktiv qərarlar, testlərin keçirilməsi – qısacası, ideyadan trasadək bütün fəaliyyət növlərinə cavabdehəm.

Aston Martin-in bazasında çox şey mənə müsbət təsir bağışladı. Texnoloji düşərgə mükəmməl şəkildə təşkil olunub və təchiz edilib. Komandanın aerodinamik borusuna mühəndis gözü ilə baxdım. Gördüklərim sözün əsl mənasında məni heyran etdi, çünki orada tətbiq olunan müasir texnologiyalar inanılmaz dərəcədə təsiredicidir.

Komandanı fərqləndirən cəhət Ədrian Nyuinin barışmaz yanaşması və perspektiv baxışı, maşının bütün detallarını istisnasız şəkildə ideal həddə çatdırmaq üçün daim çalışmasıdır. Komanda rəhbəri Endi Kovel isə çox düşüncəli və dəqiq yanaşması ilə seçilir: Ədrian kimi, o da şassi hazırlanması prosesində heç bir xırdalığı gözdən qaçırmır və Aston Martin-in çempionatın ən yaxşı komandası olması üçün çalışır.

Hamı açıq şəkildə ünsiyyət qurur və qarşıda duran məsələləri həll etmək üçün effektiv əməkdaşlıq edir, tətbiq etdiyimiz yanaşmalara düzəlişlər etməyə hazırdır, çünki hamı inkişaf istəyir. İnkişaf prosesi zaman tələb etsə də, biz artıq indidən trasda yaxşı nəticələr göstərməyə çalışmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et