Aylarla qapalı testlərdə sınaqdan keçirilən yeni motosiklet, ilk dəfə açıq şəkildə nümayiş etdirilib. İlk yarışınl isə bazar günü Yamaha-nın test sürücüsü Aqusto Fernandes reallaşdıracaq.
Komandanın əsas pilotu Fabio Kuartararo artıq keçən həftə Barselonada keçirilən xüsusi testdə motosikleti sınamışdı və gələn bazar ertəsi Misanoda təşkil olunacaq Dorna testində yenidən sürməsi gözlənilir.
Yeni M1 Yamaha üçün MotoGP-də köklü dəyişikliyi təmsil edir. Komanda illərdir istifadə etdiyi sıralı dörd silindrli mühərrik konseptindən imtina edərək, V4 quruluşuna keçir. Bu addım motosikletin ölçülərinin və quruluşunun tamamilə yenidən işlənməsini tələb edib.
MotoGP-də hələ də sıralı dörd silindrli mühərrikdən istifadə edən yeganə istehsalçı olan Yamaha, bu konseptin limitinə çatıldığını qəbul edib. Buna baxmayaraq, 2027-ci ildən qüvvəyə minəcək və 850cc mühərrikləri məcburi edəcək yeni qaydalara rəğmən, Yamaha 1000cc V4 layihəsini davam etdirib.
Yeni mühərrikin tam debütü 2026-cı il mövsümündə planlaşdırılır. Yamaha-nın digər test sürücüsü Andrea Dovitsiozo isə layihəni yüksək dəyərləndirib: “Malayziyada ilk sürüşdən bəri bu layihə mənə çox müsbət təsir bağışladı. V4 prototipi ilk dəfə sınadığım andan xoşuma gəldi. Hər testdə hiss daha da yaxşılaşdı və həmişə böyük potensial gördüm”.
M1 layihə rəhbəri Kazuxiro Masuda da nəticələrin ümidverici olduğunu açıqlayıb: “İndiyədək əldə edilən inkişaf gözləntilərimizlə üst-üstə düşür. Əgər bu həftəsonu və bazar ertəsi hər şey qaydasında getsə, növbəti addım kimi Sepanq və Valensiyada əlavə testlər olacaq”.
Şərh əlavə et