Xəbəri Kokpitdə Oxuyun!

Q.Bortoleto: Alonsonun çox köməyi oldu

Formula 1-də ilk mövsümünü keçirən Qabriel Bortoleto, mətbuata verdiyi geniş açıqlamada həm F1-ə uyğunlaşma prosesindən, həm də gələcək hədəflərindən danışıb. Braziliyalı sürücü mövzu olaraq media təzyiqindən qraund effektli maşınların çətinliyinə, simulyatora olan marağından peletondakı dostluqlarına qədər bir çox məqama toxunub.

Kokpit.az xatırladır ki, braziliyalı sürücü Formula 1-dəki ilk mövsümünü keçirməsinə baxmayaraq, əla çıxış edir və bəzi yarışlarda təcrübəli komanda yoldaşı Niko Hülkenberqi qabaqlayır. Debütant sürücü 18 xalla 16-cı yerində qərarlaşıb.

“F1-in tempinə öyrəşmək beş yarış çəkdi”

Qabriel Bortoleto həftəsonlarının tempinə uyğunlaşmağın asan olmadığını deyib: “Təxminən beş yarış çəkdi. Cümə axşamları mətbuat ilə çox vaxt keçirirsən, enerjini yaxşı bölüşdürüb yenə də mühəndislərlə hazırlaşmalısan”.

O, mətbuatla münasibətdə şəffaf, amma ehtiyatlı davrandığını vurğulayıb: “Səmimi oluram, amma düşünmədən danışmıram. Bizi çox insan izləyir, bəzi cavablar üçün doğru anı gözləmək lazımdır”.

Qraund effektli maşınlar

2022-ci ildən bəri istifadə olunan bu nəsil maşınların çox həssas olduğunu deyən gənc pilot: “Külək, tras şəraiti… Sürücü çox dəqiq olmalıdır. Ani bir səhv etsən, ya çınqıllıqdasan, ya da trasdan kənarda.

Bu maşınlardan 100 faizlik potensialı çıxarmaq çox çətindir. Fokusu və enerjini necə idarə etməyin sürüşünə birbaşa təsir edir”.

Mövsümün dönüş nöqtəsi – Barselona

Sezonun əvvəlində balans və performans çatışmazlığından əziyyət çəkdiyini deyən Bortoleto, Barselonadan sonra işlərin dəyişdiyini bildirib: “Mövsümün əvvəlində birinci sessiyadan çıxmaq belə çətin idi. Yeniliklərlə maşını doğru pəncərəyə gətirdik, daha tez-tez xal üçün mübarizə aparmağa başladıq. Barselona mənim üçün qırılma anı oldu”.

Hülkenberqdən öyrənmək

Komanda yoldaşı Nico Hülkenberqi “indiyə qədər gördüyüm ən sürətli komanda yoldaşı” adlandıran Bortoleto: “Onun sürəti inanılmazdır. Məlumatlarını izləyirəm, səhvləri olsa belə dövrəni doğru trayektoriyada saxlayır. Bu, mənim inkişafım üçün çox faydalıdır”.

Audi və 2026 hədəfləri

Bortoleto, gələn ildən Formula 1-ə qoşulacaq Audi ilə bağlı da danışıb: “Bu il təcrübə qazanmaq böyük üstünlükdür. Audi qələbə üçün gəlir, amma bu ilk ildə olmayacaq. Güclü komandalar var, vaxt lazımdır. Səbirli olmalıyıq”.

Simulyator və Sennaya hörmət

Simulyatora olan münasibətini “ehtiras” adlandıran braziliyalı pilot, hətta Zandfort yarışından sonra belə evdə sürüş etdiyini deyib: “Sim əladır, amma 100 faiz deyil. Aerodinamika və G qüvvəsini yalnız trasda hiss edə bilirsən”.

Dəbilqə dizaynında isə Ayrton Sennanın rənglərinə yer verib: “Senna mənim kumirim. Dəbilqədəki rəngləri onun 30 illiyinə hörmət olaraq seçdim. Braziliyadan böyük sevgi gəlir, tənqidlər də əslində bu sevgidən doğur”.

Alonso və Ferstappen ilə münasibət

Bortoleto meneceri Fernando Alonsonun karyerasında həlledici rol oynadığını vurğulayıb: “F3 və F2-də düzgün komandaları tapmağımda, Sauber/Audi yolunu açmağımda çox böyük təsiri oldu. Onun dəstəyi olmasa, bəlkə də bu gün burada yarışmazdım”.

Maks Ferstappen ilə münasibətlərinə gəlincə isə: “Titul uğrunda yarışsaq, verdiyi ipucları azalacaq, bu normaldır. Amma aramızdakı hörmət qalacaq”.

Rauf Hacıyev

Şərh əlavə et