Kokpit.az xatırladır ki, britaniyalı sürücü bu il Haas komandası ilə Formula 1-dəki ilk tam mövsümünü keçirir və hazırda 16 xal toplayaraq, 17-ci yerdə qərarlaşıb.
Oliver Berman: “Formula 1 bolidi ən möhtəşəm şeydir. İnanılmaz dərəcədə sürətlidir və fantastik dinamikası var. Onu idarə edərkən xoşbəxtlik hiss edirsən. Əgər sıralanma turunda ona tam etibar etsən, trasda elə duyğular yaşayırsan ki, onları sözlə ifadə etmək və başqa yerdə təkrarlamaq mümkün deyil. Mən çox şadam və Formula 1-də çıxış etmək imkanı verdiyi üçün Ferrari-yə minnətdaram”.
Britaniyalı gənc pilot deyir ki, özünə inam vacibdir, amma hər zaman özünə qarşı tələbkar olmaq lazımdır: “Əgər işlər istədiyin kimi getmirsə, özündən şübhələnmək asandır. Optimal balansı tapmaq çətindir, amma bu, vacibdir – özündən razı qalmamaq pilotun inkişafı üçün önəmlidir. Mən ümumiyyətlə özündən əmin insanam və bunun belə qalmasını istəyirəm”.
Oliver Berman həmçinin maşının təkmilləşdirilməsi prosesində qazandığı təcrübəni vurğulayıb: “F1-də pilot maşının inkişafına təsir göstərə bilir. Bu, mənim üçün F2 və F3 ilə müqayisədə tamamilə yeni təcrübədir. Burada geribildirim çox vacibdir – dediklərin birbaşa maşının inkişafına təsir edir. Ona görə də hər şeyi doğru təsvir etmək və komandaya düzgün istiqamət göstərmək lazımdır. Bu işdə mən Okondan çox şey öyrənirəm”.
Gənc sürücü Haas komandasındakı mühitdən razıdır: “Mühəndislərlə çox tez ünsiyyət tapdım, hisslərimi açıq deyə bilirəm. Burada heç kim tənqidə görə qınamır, hamı irəliyə getmək istəyir. Haas-da çıxış etməkdən çox məmnunam, bu komanda ilə birlikdə böyük uğurlar qazana biləcəyimə inanıram”.
Berman Ferrari ilə gələcəyini arzulasa da, hazırda bütün diqqətini Haas-la işə yönəldib: “Keçən il Ciddədə Ferrari sükanına oturanda bu, həyatımın ən böyük arzusu reallaşdı. Onu yenidən təkrarlamaq istəyirəm. Bu, məni hər səhər ayağa qaldırır, motivasiya verir. Bir gün mən bunu mütləq bacaracağam!”
Şərh əlavə et