Xəbəri Kokpitdə Oxuyun!

Ferrari-də böhranlı günlər gəlir?

2026-cı ildə Formula 1 yeni nəsil hibrid güc qurğularına keçəcək. Əksər mütəxəssislər hesab edir ki, 2014-cü ildə olduğu kimi, liderlər sırasında ən səmərəli güc qurğusuna sahib olan komandalar olacaq.

Bu baxımdan İtaliyadan Ferrari azarkeşləri üçün narahatedici xəbərlər gəlir. Maranello ilə yaxşı tanış olan Leo Turini bildirir ki, Scuderia-dan iki aparıcı mühəndis-mühərrikçi – Volf Zimmermann və Lars Şmit ayrılır, həmçinin aerodinamika şöbəsinin rəhbəri Dieqo Tondi də komandadan getməyə yaxındır.

Leo Turini: “Zimmermann və Şmit – Ferrari ilə uzunmüddətli əlaqələri olan mühəndislərin, yeni və son dərəcə mürəkkəb güc qurğusunun qurulmasından cəmi bir neçə ay sonra Maranello ilə əməkdaşlığı dayandırması xəbəri iki cür yozula bilər. Birinci nəzəriyyə: Ferrari-nin 2026-cı il mühərriki barədə şübhələr doğrudur və onların gedişi məyusluğun nəticəsidir. Ümid edirəm faktlar bunu təkzib edəcək.

İkinci nəzəriyyə ondan ibarətdir ki, Zimmermann və Şmitlə yaxşı tanış olan Mattia Binotto onları Audi-yə keçməyə inandırmaq üçün tutarlı arqumentlər tapıb.

Bundan sonra ümid yalnız Frederik Vassyörə qalır. Komanda rəhbərinin işi insan resurslarını qiymətləndirmək, lazım olanı dəyişmək və sair kimi məsələlərdən ibarətdir.

Hazırda sentyabrın ortasıdır, amma Ferrari hələ də tam yığılmış güc qurğusunun stend sınaqlarını keçirməyib. Halbuki FIA-da komponentlərin homologasiyasına cəmi üç ay qalıb.

Əlavə edim ki, mən mühəndislik məsələlərindən heç nə anlamıram. Texniki kadrların müxtəlif səviyyələrdə axını Formula 1-də normadır. Məsələn, indi də aerodinamika üzrə mütəxəssis Tondinin artıq çamadanını topladığı barədə şayiələr dolaşır.

Bir şey danılmazdır – nəticələrin olmaması şayiələrin yaranmasına şərait yaradır. Bu mənada heç nə dəyişmir: qələbələr daha çox qələbə gətirir, qaliblər sevinir, məğlublar isə bəhanə axtarır və hər şey tam xaosa gətirib çıxara bilər.

İnsanlar gəlir, insanlar gedir…”

Rauf Hacıyev

Şərh əlavə et