Xəbəri Kokpitdə Oxuyun!

Bakıda 418-ci yarışına hazırlaşan Alonsonun ən çətin anı hansı olub?

Fernando Alonso dünya çempionatında artıq 22-ci mövsümünü keçirir və qarşıdakı Azərbaycan Qran Prisi onun 418-ci yarışı olacaq. Formula 1-də ən çox yarışan sürücü rekordu məhz ona məxsusdur və görünür ki, bu göstərici hələ uzun müddət yenilənməyəcək, çünki o, karyerasını başa vurmaq fikrində deyil.

İkiqat dünya çempionunun şanlı bioqrafiyasında çoxlu parlaq anlar olub, bəs o özü hansı yarışı ən yaxşı hesab edir? Onun köhnə azarkeşlərinin xatırladığı yarışlardan biri, yəqin ki, 2012-ci il Avropa Qran Prisidir. Fernando həmin vaxt Ferrari-də çıxış edərək, karyerasında 29-cu qələbəsini qazanmışdı. Başqaları isə 2005-ci ilin İmola yarışını xatırlada bilər, orada Alonso Mixael Şumaxeri üstələmişdi və bu, ispan pilotun ilk titulunu qazanmasına aparan mühüm nailiyyətlərdən biri idi.

Amma başqa variantlar da mümkündür. Gəlin görək, bu suala Fernando özü necə cavab verir: “Çətin sualdır, hansı yarışın ən çox yadımda qaldığını demək asan deyil. Bəlkə də ən yaxşılarından biri 2012-ci ildəki Valensiya idi, amma daha çox mətbuatın göstərdiyi diqqətə görə. Lakin çoxlu başqa yarışlar da olub, sadəcə, insanlar onların şəraitindən xəbərsizdir.

Məsələn, 2011-ci il Malayziya Qran Prisi. Yarışın gedişində ötürmələr qutusu ilə problemim var idi. O, artıq yarı sıradan çıxmışdı, mufta yaxşı işləmirdi. Sürətləri yuxarı ötürmək normal idi, amma yarışın ortalarından etibarən aşağı endirməkdə problem yaranırdı.

1-ci döngəyə yaxınlaşanda 7-ci ötürmədən enmək istəyirdim, amma 2-ci əvəzinə yalnız 5-ə düşə bilirdim. Döngəni keçirəm, vaxt itirsəm də, problem növbəti dövrədə də təkrarlanırdı.

Başa düşdüm ki, bu məni yarışı dayandırmağa məcbur edə bilər və çıxış yolu tapmaq üçün risk etdim: sürəti aşağı salanda eyni vaxtda motor dövrünü bərabərləşdirdim və bunun sayəsində lazımi ötürməni keçə bildim. Növbəti əyləcdə artıq dörd dəfə motor dövrünü bərabərləşdirərək, dörd ötürməni aşağı sala bildim.

Beləcə, problemin həll yolunu tapdım, amma ötürmələr qutusu üçün risk böyük idi. Komandadan soruşdum: “Düz edirəmmi? Qutu bir dövrədə də sıradan çıxa bilər”. Ferrari mühəndisləri isə dedilər: “Nə edirsənsə, elə də davam et. Qutu dözəcək”.

Mən də 30 dövrə boyu hər dəfə əyləc edərkən eyni zamanda qaz pedalına basaraq sürətləri aşağı salırdım. Qazı artırıb, sükanaltı keçid düyməsini sinxron basırdım.

Sonradan mühəndislər mənə dedilər ki, bu həlli bu qədər tez – cəmi 13-14 saniyə ərzində necə tapdığıma heyrətləniblər. Mən isə cavab verdim: “Mən sadəcə məğlub olmağı sevmirəm. Yarışı yarımçıq qoymaq fikrim yox idi. Xal qazana bilməyəcəyimi qəbul etməzdən əvvəl bütün variantları sınayacaqdım”.

Həmin yarışda ya beşinci, ya da altıncı oldum və heç kim diqqət etmədi…”

Əslində isə 2011-ci il aprelin 10-da Sepanqda Alonso 6-cı yeri tutmuşdu, finişə Ferrari-dən komanda yoldaşı Felipe Massadan 20 saniyə gec çatmışdı.

Fernando Alonso: “Amma o yarışı heç kim xatırlamır. Halbuki o yarışda o qədər enerji sərf etməli oldum, diqqətimi qorumaq üçün maksimum güc göstərdim ki, şəxsən mənim üçün unudulmaz oldu. Üstəlik, əvvəllər rastlaşmadığımız bir problemi anında həll edə bildim”.

Rauf Hacıyev

Şərh əlavə et