Xəbəri Kokpitdə Oxuyun!

D.Kulthard McLaren-i tənqid edib

Sabiq Formula 1 pilotu Devid Koulthard McLaren-in Montsada sürücülərin mübarizəsinə müdaxiləsi ilə bağlı narazılığını dilə gətirib. Şotlandiyalı hesab edir ki, bu addım nəticələrin manipulyasiyası deməkdir və yarış ruhuna uyğun deyil.

Kokpit.az xatırladır ki, McLaren komandası İtaliya yarışında Lando Norrisi pit-stopda ləngitdiyi üçün britaniyalı sürücü üçüncü yerdə trasa qayıdıb. Lakin Oskardan ona yerini geri qaytarmağı xahiş ediblər və o da komanda yoldaşını irəli buraxıb.

Devid Koulthard: “Pilot kimi, uşaqlıqdan yarışların içində böyümüş biri kimi mən təkər-təkərə mübarizə görmək istəyirəm. Bəli, bəzən mühərriklər partlayır, ya da başqa hadisələr baş verir. Amma komanda bu cür müdaxilə edəndə, nəticələri dəyişmiş olur. Bu isə mənim xoşuma gəlmir.

Qaydalara görə McLaren-in buna haqqı var, amma bu il onlar onsuz da həm Mühəndislər Kubokunu, həm də fərdi titulu qazanacaqlar. Niyə müdaxilə etmək lazımdır? Qoy nəticəni pilotlar trasda döyüşərək həll etsinlər.

Komanda pilotun nə hiss etdiyini anlaya bilmir. Biz qələbə qazanmaq, bunu mübarizədə əldə etmək üçün yarışırıq. Amma bəzən mənə elə gəlir ki, güclü mühəndislər və menecerlər belə pilotların öz işinə necə bağlı olduqlarını tam başa düşmürlər. Bu, onların həyatıdır.

Qərar qəbul edənlər o maşında oturmayıblar, tərləməyiblər, ağrı hiss etməyiblər. Onlar bu əzabları yaşamayıblar. Nə vaxt ki mühəndis deyir: ‘Sən bunu komanda yoldaşın üçün etməlisən’ — bu, çox xoşagəlməzdir. Çox ağrılıdır”.

Rauf Hacıyev

Şərh əlavə et