Xəbəri Kokpitdə Oxuyun!

Saynsın cəzası ləğv oluna bilər

Niderland Prisində Karlos Saynsa verilən cəzanın yenidən araşdırılmasını istəyən Williams komandası, müraciətinin nəticəsini cümə günü öyrənəcək.

İspan pilot Zandfortdakı yarışın restartından sonra Racing Bulls sürücüsü Liam Lousonu birinci döngədə kənardan ötməyə cəhd etmişdi. Lakin iki sürücü arasında təmas yaşanmış və hər iki bolid zərər gördüyü üçün pitə girmək məcburiyyətində qalmışdılar.

Stüarslar insidentdə Saynsı “əsas günahkar” hesab edərək, ona 10 saniyəlik cəza və super lisenziyasına iki cəza balı vermişdilər. İspaniyalı pilot isə qərarı “haqsız” adlandıraraq, təəccübünü gizlətməmişdi. FIA-nın izahına görə, birinci döngədə Saynsın ön təkəri Lousonun bolidinin ön təkərini tam keçmədiyi üçün döngədə üstünlük Lousona məxsus idi və insidentin qarşısını almaq məsuliyyəti də Saynsın üzərində idi.

Williams komandası 31 avqustda verilən qərarın yenidən nəzərdən keçirilməsi üçün FIA-ya rəsmi müraciət göndərib. Federasiya isə 12 sentyabr 2025-ci il, Bakı vaxtı ilə saat 16:30-da məsələ ilə bağlı dinləmənin keçiriləcəyini açıqlayıb. Məhkəmə onlayn video konfrans formatında baş tutacaq.

FIA-nın açıqlamasında qeyd olunub ki, dinləmə iki mərhələdən ibarət olacaq:

  • İlk mərhələdə Williams tərəfinin təqdim edəcəyi “əvvəl mövcud olmayan, mühüm və əlaqəli sübutların” olub-olmaması araşdırılacaq.
  • Əgər stüardlar yeni sübutların varlığını təsdiqləsələr, ikinci mərhələ dərhal və ya müəyyən ediləcək başqa tarixdə davam edəcək.

Bundan başqa, digər tərəflərin də dinləməyə qatılmaq üçün icazə istəyə biləcəyi, həmçinin Racing Bulls sürücüsü Liam Lousonun öz komandası ilə birlikdə dinləmədə təmsil olunacağı bildirilib.

Rauf Hacıyev

Şərh əlavə et