Kokpit.az xatırladır ki, daha əvvəl bu trasda iki dəfə yarış qazanmış monakolu sürücü ilk üçlükdəli pilotların tempinə cavab verə bilməyib. O, startda Oskar Piastrini keçərək, üçüncü pilləyə yüksəlsə də, sonradan avstraliyalı pilota keçilib və yarışı dördüncü yerdə bitirib.
Monakolu sürücü bolidin tempounun ilk üçlüyə çatmadığını, amma yenə də həftəsonunu maksimum dərəcədə dəyərləndirdiklərini vurğulayıb.
Şarl Lekler yarışdan sonra açıqlamasında bunları deyib: “Öndəki maşınlara nisbətən kifayət qədər sürətli deyildik. Mercedes-dən bir qədər güclü idik, amma onlar düşündüyümüzdən daha yaxşı performans göstərdilər. Xüsusilə isti havada daha çox çətinlik çəkəcəklərini gözləyirdik, amma bizə yaxın idilər. İlk üçlükdəki pilotlar qədər sürətli deyildik”.
Ferrari sürücüsü startda təkərlərlə bağlı çətinlik yaşadığını da etiraf edib: “İlk dövrələr mənim üçün çox çətin idi, təkərləri qızdırmaqda çətinlik çəkdim. Hazır olmayanda çox sürüşməyə başladım və nəticədə təkərlər tez qızdı. Ondan sonra yalnız artıq qızmaya nəzarət etməyə çalışdım və çox vaxt itirdik”.
Startdakı mübarizədə Oskar Piastri ilə toqquşmaya yaxın anı da belə şərh edib: “Piastri Lesmo 1-in kənarından yaxşı hücum etdi. Bir anda mən geniş trayektoriya ilə getdim və üstünlük qazanmamaq üçün sürəti azaltdım. Başqa edə biləcəyim çox şey yox idi. Onlar yarışın əvvəlində çox sürətli idilər. Bir az daha arxada saxlasaydım, bəlkə sonu fərqli ola bilərdi, amma bilmirəm”.
Podyum şansı barədə sualı isə qəti cavablandırıb: “Düşünmürəm ki, podyum mümkün olardı. Əlimdən gələnin ən yaxşısını etdim, böyük səhvlər olmadı, amma bu gün o mümkün deyildi”.
Həftəsonunu ümumən dəyərləndirən Şarl Lekler bunları deyib: “Cümə günü çox sürətli idik, amma rəqiblərimizə nisbətən bir az sıralanma sazlanmasına yaxın idik. Şənbə günü reallıq üzə çıxdı, bazar günü isə edə biləcəyimiz çox şey yox idi. Həftəsonunu maksimum şəkildə dəyərləndirdik, amma Red Bull aşağı aerodinamik yükləmə tələb edən traslar üçün çox yaxşı paket gətirmişdi. McLaren isə o qədər kəskin seçim etməmişdi, amma yenə də bizdən xeyli sürətli idilər. Biz isə bir az arxada qaldıq”.
Monakolu sürücü Bakı üçün isə ehtiyatlı danışıb: “Bilmirəm. Bəlkə sıralanmada yaxşı nəticə gələr, amma yarışda adətən təkər yeyilməsi ilə mübarizə aparırıq. Amma orada güclü olduğumu bilirəm, hər şey mümkündür. Sadəcə bugünkü kimi Red Bull və McLaren bizdən xeyli irəlidədir”.
Mövsümün qalanında yarış qələbəsi şansına toxunan Lekler, gözləntilərinin dəyişmədiyini bildirib: “Onsuz da bu günədək çox ümidim yox idi, bu gündən sonra da eyni vəziyyətdir. Daha yaxşı nəticə üçün işləməyə davam edəcəyəm”.
Şərh əlavə et