Xəbəri Kokpitdə Oxuyun!

Pirelli İtaliya yarışından razıdır

Pirelli Motorsport-un rəhbəri Mario İzola İtaliya Qran Prisindən sonra təkərlərin performansını dəyərləndirib.

Kokpit.az xatırladır ki, gözlənildiyi kimi  İtaliya yarışında bütün sürücülər bir pit-stoplu strategiya ilə gediblər.

Mario İzola: “Bu Qran Pridə ən maraqlı anlar ilk dövrələrdə baş verdi – pilotlar çox gözəl ötmələr etdilər. Sonra vəziyyət sabitləşdi və yarış daha çox xətti şəkildə davam etdi. Hər kəs seçdiyi təkərlərdən asılı olaraq ilk pitə qədər olan zamanı maksimum uzatmağa çalışırdı.

Keçən ildən fərqli olaraq, bu dəfə demək olar ki, ümumiyyətlə dənlənmə görmədik, hamar asfaltda performans itkisi sıfıra yaxın idi. Bu, pilotlara pit-stop vaxtını öz mövqelərinə uyğun seçmək imkanı verdi. Bəziləri isə təhlükəsizlik maşınına ümid edərək, pitə qədər olan zamanı xeyli uzatdılar.

Bir neçə halda ön təkərlərdə qabarlanma müşahidə olundu, amma bu sürətə ciddi təsir göstərmədi. 40 dövrədən artıq yol qət edənlər yeyilmə limitinə yaxınlaşdılar, bəziləri hətta onu keçdi, amma performans itkisi olmadı.

Biz bütün məlumatları təhlil edəcəyik və bu, gələn ilin tərkiblərinin hazırlanmasına kömək edəcək. Cəmi 48 saatdan sonra isə Montsada 2026-cı ilin təkər testlərinə çıxacağıq. Çərşənbə axşamı Red Bull Racing (Maks Ferstappen və Yuki Tsunoda) və Aston Martin (Felipe Drukoviç), ertəsi gün isə Williams (Aleks Elbon və Karlos Sayns) və Racing Bulls (Liam Louson və Ayzek Hacər) ilə işləyəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et