Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Podiuma layiq deyildim

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, onların podium üçün sürətləri olmayıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Ferrari ilə çıxdığı ilk Montsa yarışına 10-cu yerdən başlasa da, rəqiblərini keçərək, yekunda 6-cı yeri tutub.

Yarışdan sonra Lyuis Həmilton etiraf edib ki, maşının tempi podiuma bəs etməyib: “Yarışda özümü yaxşı hiss etdim. Startda yaxşı tərpəndim, amma iki maşın arasında sıxıldım və qazı buraxmalı oldum. Sonra Corc Rasselə yaxınlaşdım və “undercut” cəhdi etdik, ancaq taktika işləmədi.
Cəriməyə baxmayaraq, 6-cı yerə qədər irəlilədim, tiffozilərin qarşısında yaxşı çıxış etmək xoş idi. Bu gün podiuma layiq deyildim, amma yenə də azarkeşlərimizi salamlayacağam.

Red Bull çox sürətli idi, McLaren də bizdən öndə idi. Bizim real yerlərimiz 4, 5 və ya 6-cıllq idi. Hər şey ideal alınsaydı, bəlkə podium şansı olardı, amma sürət baxımından buna layiq deyildik”.

Lyuisin komanda yoldaşı Şarl Lekler isə bildirib ki, onlar bu mövsüm heç bir trasda favorit olmayacaqlar: “Startda Oskar Piastri ilə əla mübarizəmiz oldu. Onun səhvindən istifadə edib keçdim, sonra isə o mənim səhvimdən istifadə edib yerini geri qaytardı. McLaren bizdən sadəcə daha sürətli idi.

Maşından maksimumdan da artığını almağa çalışdım, buna görə dəfələrlə arxa tərəfi itirmək üzrə idim. Təəssüf ki, daha çoxuna ümid edə bilməzdim.

Qarışıq hisslərim yoxdur, amma temp gözlədiyimizdən zəif oldu. Ola bilsin, Sinqapur, Bakı və Las-Veqasda podiuma bir az daha yaxın olaq, amma biz favoritlərin siyahısında 3-cü yerdəyik. Red Bull-un problemi olsa, ikinci ola bilərik, lakin heç vaxt əsas favorit olmayacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et