Kokpit.az xatırladır ki, britaniyalı sürücü Montsadakı yarışı elə başadığı yerdə – beşinci – bitirib. O, yarışın bir fazasında Şarl Leklerlə dördüncü yer uğrunda mübarizə aparsa da, cəhdləri uğursuz olub.
Corc startda Şarl Lekleri keçməyə çalışdığını, amma Ferrari-nin düzlüklərdə çox üstün olduğunu deyib: “Startda Şarlla mübarizə aparmaq əyləncəli idi, amma düzlüklərdə bizdən çox sürətli idilər. O andan sonra bizim üçün maksimum nəticə beşincilik idi”.
Corc Rassell erkən pit-stop qərarını da izah edib. Onun sözlərinə görə, strategiya rəqiblərin addımları ilə formalaşıb, amma Hard təkərlərin dözümlülüyünə görə təəccübləndirib: “Əslində 55 dövrəlik yarış üçün bu gec pit idi. Orta qrupdakılar pitə gec gedirdilər, amma mən pitə girmək məcburiyyətində qaldım. Hard təkərlər çox davamlı idilər və əslində daha tez pit-stop-a getmək olardı”.
Corc Rassell müqaviləsi ilə bağlı suallara isə təmkinlə cavab verib: “Hazırda yalnız yarışlara fokuslanmışam. Düzgün istiqamətdə irəliləyirik. Paylaşacaq nəsə olsa, sizə xəbər verəcəyik”.
Rassell, Red Bull və McLaren-in dəyişən performansını anlamaqda çətinlik çəkir: “Ferstappenin Macarıstanda qalibə 40 saniyə uduzması, amma burada 20 saniyə fərqlə qazanması inanılmazdır. Biz McLaren-in 12 saniyə arxasında bitirdik, bu isə yaxşı nəticədir. Ferrari güclüdür, şənbə günləri isə çox yaxın keçir. 0.1 saniyə belə iki yeri dəyişə bilir”.
Mövsümün qalan hissəsi üçün ən çox hansı trasda ümidli olduğu barədə sualı isə belə cavablandırıb: “Veqas bizim üçün açıq-aşkar bir fürsətdir. Keçənilki performansı təkrarlamağı ümid edirəm. Onun xaricində xüsusi önə çıxan tras yoxdur”.
Şərh əlavə et