Xəbəri Kokpitdə Oxuyun!

Sauber xallar qazananacağına inanır

Montsada keçirilən sıralanma turunda Qabriel Bortoleto növbəti dəfə son sessiyaya yüksəlib. Onun komanda yoldaşı Niko Hülkenberg isə yaxın olsa da, nəticədə 12-ci yerdə qalıb.

Kokpit.az xatırladır ki, braziliyalı sürücü bugünkü Montsa yarışına yeddinci yerdən başlayacaq.

Ceyms Uitli, komanda rəhbəri: “Sıralanma turundakı nəticələr komandamız üçün ümidvericidir. İlk sessiyada ən yaxşı və ən zəif nəticə arasında cəmi 0.8 saniyə fərq var idi ki, bu da mövsümün nə qədər gərgin keçdiyini göstərir.

Hər iki maşın ikinci sessiyaya keçdi, lakin Qabriel yüksək tempini qoruyaraq, finala yüksəldi. İki təzə təkər dəsti olmasa da, əla nəticə göstərdi və Həmiltonun cəzası səbəbindən bu gün 7-ci yerdən start verəcək. Nikoya isə final üçün cəmi 0.06 saniyə çatmadı. O, Qabrieldən cüzi fərqlə geridə idi. İndi məqsədimiz bugünkü yarışda bu tempdən maksimum yararlanmaq və xallar qazanmaqdır”.

Niko Hülkenberg: “Sıralanmanı ideal keçirmədim. İkinci sessiyada ilk sürətli dövrəm uğurlu alınmadı, son cəhdimdə isə riskə getməyə imkan yox idi, daha ehtiyatlı sürməli oldum. Buna baxmayaraq, bu gün üçün yaxşı vəziyyətdəyik – maşın sürətlidir, nəticələr isə çox sıxdır. Buna görə də mübarizə aparacaq çox şeyimiz var. Maşına inanıram, görək sabah nələr edə bilirik”.

Qabriel Bortoleto: “Nəticəmiz məni həqiqətən sevindirdi, çünki bir daha finala yüksəldik. Son cəhdimdə dövrə ideal alınmadı, bir az da yaxşılaşdırmaq olardı, amma bu gün üçün yaxşı mövqedən start verəcəyik. Maşının tempi yaxşıdır, bu isə bizə inam verir. Qarşımızda top komandaların sürücüləri var, amma düşünürəm ki, sabah güclü nəticə göstərə biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et