Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Biz sadəcə trasda uçurduq!

Maks Ferstappen İtaliya Qran Prisini inamlı şəkildə qazanıb – bu qələbə onun üçün mövsümdə 3-cü və mayda İmoladakından bəri ilk zəfər olub…

Kokpit.az xatırladır ki, niderlandlı sürücü pouldan başladığı yarışı rahat formada qazanıb.

Maks Ferstappen: “Komandamız üçün möhtəşəm gündür! Birinci dövrədə bir az bəxtim gətirmədi, amma ondan sonra biz sadəcə trasda uçurduq! Belə bir maşını idarə etmək – tam zövqdür. Bütün ilk hissə ərzində tempi yaxşı nəzarətdə saxladım və düşünürəm ki, pit-stop üçün an da düzgün seçilmişdi.

Biz sərt təkərlərə keçdik və onlar yeyilməyə daha davamlı olduğu üçün yarışın sonunda daha aqressiv hücum etməyə imkan verdi. Ümumiyyətlə, bütün komanda bu gün çox dəqiq işləyib. Amma düşünürəm ki, həftəsonunun digər günlərində də elə olub. Bu trasda qələbəyə görə çox şadam!

Yarışın lap əvvəlindən gördüm ki, tempimiz var, sadəcə ritmə düşməyim lazım idi. Bütün peletonda gərgin mübarizə gedirdi və tempimiz qaydasında olduğuna əmin olan kimi liderliyi geri aldım.

Əlbəttə, digər traslarda da qələbələr uğrunda mübarizə aparmağa çalışacağıq, amma irəliyə addım-addım gedəcəyik. Bu həftəsonu isə, şübhəsiz, inanılmaz dərəcədə uğurlu alındı!”

Elçin Zodorov

Şərh əlavə et