Xəbəri Kokpitdə Oxuyun!

Kataloniyada Aleks Markes qazanıb

MotoGP üzrə Kataloniya yarışını Aleks Markes qazanıb. Mark Markes ikinci, Enea Bastyanini üçübcü olub.

MotoGP üzrə mövsümünün 15-ci mərhələsi olan Kataloniya Qran Prisi buludlu, lakin açıq havada start götürüb. Quru və 40 dərəcəlik hava şəraitində sürücülərin əksəriyyəti Mediumtəkərləri seçib, yalnız Pedro Akosta Soft tərkibə üstünlük verib.

Kataloniya yarışı çempionata liderlik edən Mark Markes üçün xüsusi əhəmiyyət daşıyırdı. İspan sürücü qardaşı keçərək Aleksi keçib, qələbə qazanacağı halda nöbəti həftəsonu San Marinoda 2025-ci il titulunu vaxtından əvvəl elan edə bilərdi. Lakin qələbənin Aleks Markesə getməsi çempionluğu hələlik təxirə salıb.

Pouldan start alan Aleks Markes güclü çıxış etsə də, ilk döngədə ikinci yerdən başlayan qardaşı Mark Markes liderliyi ələ alıb.

İkinci dövrədə Marko Bezzekki Franko Morbidellini keçmək istəyərkən qəzaya düşüb. Ardınca Fabio Di Cannanntonio hadisədən yayınmaq istəyərkən çınqıllığa girib və 1-ci sektorda sarı bayraqlar dalğalanıb.

Dördüncü dövrədə qardaşlar arasında gərgin mübarizə yaşanıb və Aleks liderliyi Markdan geri alaraq, sonadək qoruyub.

Səkkizinci dövrənin 7-ci döngəsində çınqıllığa çıxan Bred Binder növbəti dəfə sarı bayraqlara səbəb olub. Mark Markes isə arxadan gələn Enea Bastianiniyə qarşı mövqeyini qorumağa çalışarkən Alekslə fərqi 0.7 saniyəyə qədər artıb. Komanda radiosundan Mark Markesə qardaşı ilə döyüşməməsi, əsas rəqibi KTM sürücüsü Bastianiniyə qarşı diqqətli olması tapşırılıb.

Yarışın sonlarında Pedro Akostanın Soft təkərləri köhnəlib və o, üçüncü yerdəki Bastianini ilə aradakı fərqi qorumaqda çətinlik çəkib.

Yarış ərzində ardıcıl qəzalar baş verib – əvvəlcə Aleks Rins 10-cu döngədə, sonra Lorenso Savadori və nəhayət, Franko Morbidelli yarışı tərk edib.

23-cü dövrədə Aleks Markes fərqi ilk dəfə 1 saniyədən yuxarı qaldırıb və qələbəsini təmin edib. Mark Markes ikinci olub. Podiumu isə Enea Bastianini tamamlayıb. İlk beşliyi Pedro Akosta və Fabio Quartararo bağlayıb.

Mövsümün növbəti yarışı 12–14 sentyabr tarixlərində Misano trasında baş tutacaq San Marino Qran Prisi olacaq.

Rauf Hacıyev

Şərh əlavə et