Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Alpine Qasli ilə müqavilə uzadıb

Fransız pilot Pyer Qasli Formula 1 karyerasını Alpine komandasında davam etdirmək üçün yeni, uzunmüddətli müqavilə imzalayıb.

2023-cü ildə o dövrdə AlphaTauri adlanan komandadan Alpine-ə keçən Qasli, Esteban Okonun Haas komandasına transferindən sonra bu mövsüm komandanın əsas pilotuna çevrilib.

F1-də indiyədək bir Qran Pri qalibiyyəti olan Qasli, 2025-ci il mövsümündə Alpine komandasının topladığı bütün – yəni 20 xalı təkbaşına qazanıb. Hazırda o, dünya çempionatının ümumi sıralamasında 14-cü pillədə qərarlaşıb.

Alpine komandası bu müqavilə ilə bağlı belə açıqlama verib: “Bu razılaşma bir tərəfdən Pyer Qaslinin Alpine-ə olan sadiqliyini yenidən təsdiqləyir, digər tərəfdən isə Alpine-in onu 2026-cı ildən qüvvəyə minəcək yeni texniki reqlament dövründə və sonrasında komandanın inkişafına töhfə verəcək əsas sürücü kimi gördüyünü göstərir.

Müvafiq proses Flavio Briatorenin rəhbərliyi və Renault Qrupunun yeni baş direktoru Fransua Provostun tam dəstəyi ilə həyata keçiriləcək”.

Pyer Qasli isə razılaşma ilə bağlı məmnunluğunu belə ifadə edib: “Uzunmüddətli gələcəyimi Alpine komandası ilə bağladığım üçün çox xoşbəxtəm. Fransız sürücü olaraq Fransız avtomobil istehsalçısının adından çıxış etmək mənim üçün xüsusi qürur mənbəyidir.

2023-cü ildə komandaya qoşulduğum gündən bəri Alpine-in mənim gələcəyim üçün doğru yer olduğunu hiss etmişəm. Flavionun mənə göstərdiyi etimad, Fransuanın Formula 1 layihəsinə olan bağlılığı və Enstoun bazasında çalışan komanda üzvlərinin əməyi bu qərarı verməyimdə həlledici rol oynadı.

Burada qalmağa davam etmək, birlikdə yarışlar və titullar uğrunda mübarizə aparmaq istəyirəm. Hamımız ortaq məqsəd uğrunda çalışırıq və bu xüsusi hekayəni davam etdirməyə can atıram”.

Rauf Hacıyev

Şərh əlavə et