Xəbəri Kokpitdə Oxuyun!

Mercedes sürücüləri maşından narazıdır

Mercedes komandasının sürücüləri Corc Rassell və Kimi Antonelli cümə günündən sonra maşından narazıdırlar.

Mercedes komandası Monzadakı məşqlərin nəticəsindən razı qalmayıb. Corc Rassell yalnız 10-cu nəticə göstərib, Kimi Antonelli isə ikinci sessiyanın əvvəlində trasdan çıxaraq protokolda sondan ikinci olub. Antonelli etiraf edib ki, maşının sürüşü yaxşı olsa da, özü  aqressiv davramaraq səhv edib. Rassell isə ümumiyyətlə maşında özünü rahat hiss etməyib.

Corc Rassell: “Biz Montsada çox az yüklənmə ilə sazlama edirik və burada maşının arxa təkərləri sanki “üzür”. Ona görə də maşın çox sabit deyil, Zandfortdakından tam fərqlidir. Çətin gün oldu. Özümü rahat hiss etmədim, idarəetmə rahat deyildi. Amma nəticələr çox sıxdır. Mən 10-cu oldum, amma liderlərə cəmi 0.3 saniyə uduzdum. Adətən, bu fərqlə biz birbaşa McLaren-lərin arxasında oluruq.

Nəticələrə təkərlərin işi də təsir etdi, bu gün də eyni hal olacaq. Amma əminəm ki, müəyyən irəliləyiş edə bilərik. Cümə günü də özümə inam tapmağa çalışırdım, amma bir neçə dəfə maşına nəzarəti itirmək təhlükəsi yaşadım. Hətta eyni yerdə – 7-ci döngədə, harada ki Kimi də trasdan çıxdı…

Hazırda maşını sabit vəziyyətdə saxlamaq çətindir, amma bu gün yeni gündür və ümid edirəm ki, hər şey yaxşı olacaq. Yarış tempimiz isə pis deyil, normal görünür”.

Kimi Antonelli: “İkinci sessiyada ikinci dövrəmdə asfaltla ilişməni düzgün qiymətləndirmədim, çox aqressiv hücum etdim və nəticədə çınqıllığa düşdüm. Mühərrik sönmədi, amma maşın ilişib qaldı.

Çox təəssüf ki, bu hadisə baş verdi, çünki ilk sessiya yaxşı keçmişdi. Hətta Hard təkərlərlə ilk dövrəmi kifayət qədər inamlı sürə bildim. Bu insident bizi geri saldı, amma inamım hələ də yerindədir.

Sazlamalarda doğru istiqamətdə gedirik. Üçüncü sərbəst yürüşün proqramını bir az dəyişəcəyik ki, itirdiyimiz vaxtı bərpa edək. Buna baxmayaraq, bu həftəsonu üçün hələ də yaxşı əhvaldayam.

Nəticələr çox sıxdır. İkinci sessiyanın yekununda ilk onluq cəmi 0.4 saniyəyə yerləşir. Yəni kiçik irəliləyiş belə böyük fərq yarada bilər. Bu gün trasda yenidən işləmək və yaxşı nəticə göstərmək üçün səbirsizliklə gözləyirəm. Əlimdən gələni edəcəyəm ki, bazar günü yüksək yerdən start almaq şansım olsun. Görək, nələr olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et