Əvvəllər burada çox vaxt poul qazanan sürücü qalib gəlirdi, amma 2020-ci ildən bu ənənə pozulub. Ondan öncə, 2019-cu ildə Şarl Lekler Ferrari ilə həm poul, həm də qələbə qazanmışdı. Sonrakı beş il ərzində isə “poulun lənəti” deyilən effekt müşahidə olunub. Lakin hər seriyanın bir sonu var.
Cümə gününün məşqlərində Həmilton və Norris fərqlənmişdi. Şənbə günü səhər keçirilən sessiyada isə Lando yenə ən sürətli olub, amma Lekler ondan cəmi bir neçə yüzdə saniyə geri qalıb. Nəticələr çox yaxın idi.
Yarış üçün ən yumşaq təkər tərkibləri gətirilib: C3 – Hard, C4 – Medium, C5 isə Soft kimi istifadə olunur.
Birinci sessiya
Mercedes sürücüləri Medium təkəri seçsə də, digər pilotlar dərhal Soft-la dövrəyə çıxıblar. İlk cəhdlərdə Norris 1:19.611-lik nəticə ilə lider olub. Ferstappen və Elbon isə dövrələrini trasdan çıxaraq yarıda qoyublar.
Sonra Rassell Medium təkərlə 1:19.414 göstərərək liderliyi ələ alıb. Ferstappen ondan cəmi 0.04 saniyə geri qalıb, Norris isə bir qədər vaxt itirib.
Sayns və Lousonun dövrələri tras hüdudlarını aşdıqları üçün ləğv olunub. İlk mərhələdə Hadjar, Stroll, Kolapinto, Qasli və Louson mübarizəni dayandırıblar.
İkinci sessiya
Trasda çınqılların təmizlənməsi səbəbindən sessiyanın startı bir neçə dəqiqə gecikib. Hamı Soft təkərlə trasa çıxıb. Elbon ilk cəhdini çınqıllığa düşərək itirib. Ən yaxşı nəticə Ferstappenə məxsus olub – 1:19.140. Norris isə boks çağırışı səbəbindən dövrəsini tamamlamayıb.
Ferstappenin nəticəsi dəyişməyib. Bu dəfə ələnən sürücülər Berman, Hülkenberq, Sayns, Elbon və Okon olublar.
Üçüncü və son sessiya
Son mərhələdə hamı Soft trasa çıxıb. Lekler 1:19.007-lik nəticə ilə protokola başçılıq edib, Piastri ondan cəmi 0.05 saniyə geri qalıb. Amma Ferstappen daha sürətli dövrə göstərib – 1:18.923.
İkinci cəhdlərdə Norris liderliyi ələ alıb, lakin Maks cavab olaraq 1:18.792 zaman nəticəsi ilə yenidən zirvəyə qayıdıb.
Nəticə
Maks Ferstappen Montsadakı sıralanma turunu qazanaraq, mövsümdə 5-ci, karyerasında isə 45-ci poulunu əldə edib.
Yarışda ilk cərgədən Ferstappen və Norris, ikinci cərgədən Piastri və Lekler, üçüncü cərgədən isə Rassell və Antonelli start alacaq. Həmilton əvvəlki yarışdakı qayda pozuntusuna görə yarışın startında 5 yer itirəcək.
Şərh əlavə et