Xəbəri Kokpitdə Oxuyun!

İtaliya F3: Tramnitsdən ikinci qələbə!

Red Bull-un gənclər proqramının üzvü Tim Tramnits Montsada keçirilən Formula 3 sprint yarışında mövsümdə ikinci qələbəsini qazanıb. Podiuma onunla yanaşı Roman Bilinski və Martinius Stenshorn yüksəlib.

Səhər yarışçılar günəşli hava və 20 dərəcə temperaturla qarşılanıb. Startda poulun sahibi Lorens van Höpen liderliyi itirərək, Stenshorna yol verib. Tuukka Taponen ilk şikanı kəsərək hamının önünə çıxıb, lakin qısa zamanda mövqeləri qaytararaq üçüncü yerdə, Tramnitsin qarşısında dövrəyə davam edib. Alman sürücü tezliklə öz mövqeyini geri alıb.

İlk dövrədə İvan Dominges toqquşmadan yayınmaq üçün kəskin manevr edib, ancaq bariyerə çırpılaraq maşının asılqanını sındırıb. Trasda təhlükəsizlik maşını peyda olub. Bu vaxt cümə günü sıralanma turunun qalibi Bred Benavides ön qanadı dəyişmək üçün boksa girib.

5-ci dövrədə restartdan sonra Tramnits van Höpeni keçərək, üçüncü yerə yüksəlib, az sonra isə Zagazeta Taponeni arxada qoyub. Lider Stenshorn tempini qaldırmağa çalışsa da, Tramnits və van Höpen cəmi 0.3 saniyə geridə qalıb. 9-cu dövrədə Tramnits Stenshorndan liderliyi alıb, Bilinski isə van Höpeni keçərək üçüncülüyü ələ keçirib.

12-ci dövrədə Bilinski Stenshorna hücum edib. Norveçli sürücü  təkərləri bloklayaraq, trasdan kənara çıxıb və mövqeyini saxlayıb, amma komandadan gələn göstərişlə 13-cü dövrədə Romanı buraxıb.

15-ci dövrədə Brando Badoer və Çarli Vurç arasında insisent baş verib – Vurç mübarizədən kənar qalıb, Badoer isə qırıq qanadla boksa dönüb. Trasda yenidən təhlükəsizlik maşını çıxıb.

Sonuncu dövrədə restart sakit keçib. Tramnits mövsümdə ikinci dəfə finiş xəttini qalib kimi keçib. Roman Bilinski karyerasının ən yaxşı nəticəsini təkrarlayaraq ikinci olub, podiumu isə Stenshorn tamamlayıb.

Son döngədə Coosti ilə Nikola Colov arasında toqquşma baş verib – bolqar sürücü fırlanıb və ilk onluqdan kənara düşüb. 2025-ci ilin çempionu Rafael Kamara ən sürətli dövrəyə imza atıb və 12-ci yerdə qərarlaşıb. Debütant Fernando Barrikello isə ilk F3 yarışını 20-ci yerdə başa vurub.

Rauf Hacıyev

Şərh əlavə et