Xəbəri Kokpitdə Oxuyun!

İtaliya F2: Fornaroli vətənində sprinti qazanıb

Dünən Montsada keçirilən Formula 2-nin sıralanma turundan sonra gözlənildiyi kimi, şənbə sprint yarışının start düzülüşündə müəyyən dəyişikliklər olub. Rişard Fersxorun səbəbkarı olduğu və qırmızı bayraqlarla dayandırılan insident stüardların diqqətindən yayınmayıb.

MP Motorsport komandasının niderlandlı pilotu cərimələnib, onun ən yaxşı nəticəsi ləğv edilib və nəticədə Rişard bazar günü yarışına 2-ci yox, 14-cü yerdən başlayacaq. Şənbə sprintində də o, eyni mövqedən start götürüb.

Fersxor çempionatda  3-cü yerdə idi və titula real namizədlərdən biri sayılırdı, lakin bu cərimə, şübhəsiz ki, mövsümün qalan yarışlarında onun işini çətinləşdirəcək.

Bu gün sprint yarışında poul Ferrari Gənclər Akademiyasının üzvü, Hitech komandasının pilotu, isveçli Dino Beqanoviçə keçib. Dünən 10-cu nəticəni göstərmiş Sami Meqetunif ikinci yerdən start alıb. Üçüncü yerdən isə çempionatda lider olan, Invicta komandasının italiyalı pilotu Leonardo Fornaroli başlayıb. Montsa onun ev yarışı olduğuna görə, o, dünənki qəribə sıralanma turunda əldən verdiyi poul üçün revanş almaq əzmində idi.

Startdan əvvəl Leonardo açıq şəkildə bildirib ki, qələbə uğrunda mübarizə aparmaq niyyətindədir, amma aydın idi ki, rəqibləri ona bu imkanı vermək fikrində deyillər.

Start sakit keçib, lakin ilk şikanda Fornaroli Meqetunifi qabaqlayıb və Beqanoviçi təqib etməyə başlayıb. Fersxor ilk dövrədə iki yer qazanıb, Aleks Dann da irəliləyib. Amma ikinci dövrədə Kuş Mayni Curva Grande döngəsində hücuma cəhd edərkən maşına nəzarəti itirib, trasda fırlanıb və çınqıllığa düşüb.

Trasda təhlükəsizlik maşını peyda olub, stüardlar isə hadisəni araşdırmağa başlayıblar. Onlar şübhələnirdilər ki, Dann rəqibinə yer buraxmayıb.

Yenidən startdan sonra Fornaroli birinci döngədə Beqanoviçə hücum edib, amma tələsərək təkərləri bloklayıb və şikanı kəsib. Leonardo ikinci yerini qoruyub və hücumlarını davam etdirib. Bu vaxt onları Campos komandasının pilotu Arvid Lindblad da qovurdu. O, daha əvvəl Coşua Dürkseni geridə qoymuşdu.

8-ci dövrədə Fornaroli Beqanoviçi keçərək liderliyi ələ alıb və aranı açmağa başlayıb. Növbəti dövrədə isə Lindblad DRS-dən istifadə edərək eyni manevri təkrarlayıb və Beqanoviçi qabaqlayıb.

Arxa cəbhədə də maraqlı hadisələr olub: Dann Meqetunifə hücum edərək onu keçib, amma fransalı pilot uğursuz hərəkət edib və şikandan çıxışda maşını Aleksin yolunu kəsib. Onlar toqquşublar, hər ikisi trasdan çıxıb. Dann trasa qayıtsa da, ondan çox mövqe itirib, Meqetunif isə boksa dönüb və yarışı davam etdirə bilməyib.

11-ci dövrədə ART komandasının pilotu Viktor Marten pitə girib. Onun uğursuz seriyası davam edib: maşının ön qanadı artıq ilk dövrələrdə zədələnsə də, 11-ci dövrədə dəyişdirilib.

14-cü dövrədə Oliver Göte üçüncü yer uğrunda mübarizədə Beqanoviçə hücum edib, amma birinci döngədə trayektoriyanı saxlaya bilməyib və yerində fırlanıb. O, trasda qalsa da, yalnız 16-cı olub.

Dann komandasına bildirib ki, maşında ciddi zədə var, amma ona finişə qədər davam etmək tapşırılıb.

16-cı dövrədə Fersxor artıq 6-cı yerdə idi və Roman Staneki ötməyə hazırlaşırdı. Bu vaxt Sebastyan Montoya da möhtəşəm yarış keçirirdi: 21-ci yerdən start götürüb artıq 10-cu pilləyə yüksəlmişdi.

18-ci dövrədə Fersxor Stanekə hücum edib, amma həmin vaxt trasda sarı bayraqlar qaldırılıb – Dallara komandasının pilotu Maks Estersonun maşınının mühərriki tüstülənib və o, maşını kənarda saxlayıb.

Sarı bayraqlardan sonra virtual təhlükəsizlik maşını rejimi elan olunub. 19-cu dövrədə yarış bərpa olunub və Fersxor dərhal Staneki geridə qoyaraq 5-ci yerə yüksəlib. Amma Dürksenə çatmaq üçün vaxt az idi – cəmi iki dövrə qalırdı.

Stüardlar Beqanoviçə VSC rejimi zamanı aqressiv hərəkətlərinə görə 5 saniyəlik cərimə veriblər. Bu isə o demək idi ki, Dürksen yekunda 3-cü olacaq.

Yarış belə də başa çatıb: Leonardo Fornaroli finiş xəttini Arvid Lindbladdan 1,6 saniyə tez keçib. İsveçli pilot sonadək mübarizə aparıb və rəqibinə çatmağa çalışıb.

Fornaroli şəxsi hesabda üstünlüyünü əhəmiyyətli dərəcədə artırıb. Üstəlik, Cek Krouford bu gün xal qazana bilməyib. Bu, italiyalı pilotun mövsümdəki 4-cü, ardıcıl isə 2-ci qələbəsi olub və onun titul şanslarını xeyli artırıb.

Fersxor 10 mövqe qazanaraq, 4-cü yeri tutub. Sprint yarışında bu nəticəyə görə 5 xal verildiyindən, o, Kroufordu keçib və çempionatda 2-ci yerə yüksəlib.

Rauf Hacıyev

Şərh əlavə et