Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Yaxşı mövsüm keçirirəm

Ferrari-nin ulduz pilotu Şarl Lekler İtaliya Qran Prisindən əvvəl keçirilən mətbuat konfransında həm mövsümə dair ümumi dəyərləndirmələrini, həm də İtaliya yarışından gözləntilərini bölüşüb.

Monakolu sürücü Zandfortda Corc Rassell yaşadığı mübahisəli mübarizədən danışıb vəmə onu “gözəl, amma limitdə olan” bir manevr kimi xarakterizə edib: “Bəli, həqiqətən çox yaxşı hücum idi. Limitdə idimi? Bəli. Tək günahkar mən idimmi? Xeyr. Nəticədə heç bir cəza verilmədi və mən də bununla razıyam”.

Şarl Lekler Montsanın atmosferinin hər zaman xüsusi olduğunu vurğulayıb: “Ferrari pilotu olaraq dünyanın hər yerində dəstək görürük, amma Montsa tamamilə fərqlidir. Tiffozinin sevgisinə öyrəşmək mümkün deyil. Milandakı tədbirlər də bu həftəsonunu unudulmaz edir”.

Zandfortdakı çətin yarışdan sonra İtaliyada daha yaxşı performans gözlədiyini bildirən Lekler rəqiblərə diqqət çəkib: “Zandfort bizim üçün çox ağır keçdi, xüsusilə də uzun və aşağı sürətli döngələrdə çox çətinlik çəkdik. Montsa isə fərqlidir. Buradakı döngələr yüksək sürətli olduğu üçün daha yaxşı olacağımıza inanıram. McLaren hələ də məğlub edilməli komanda olaraq qalır, amma onlara daha yaxın ola biləcəyimizi düşünürəm”.

Formula 1-in rəhbəri Stefano Domenikalinin yarış formatı ilə bağlı açıqlamalarını da dəyərləndirən Ferrari sürücüsü, böyük dəyişikliklərə ehtiyac olmadığını vurğulayıb: “Məncə, sprint yarışlarının sayı kifayətdir. Daha çoxu müzakirə oluna bilər, amma əvvəlcə Stefanonun dəqiq nəyi nəzərdə tutduğunu anlamaq lazımdır”.

Şarl Lekler öz performansını da yüksək qiymətləndirib: “Bu mövsüm Ferrari-də keçirdiyim ən yaxşı illərdən biridir. Keçən illə müqayisədə daha çox bütöv pilot olduğumu hiss edirəm. Demək olar ki, səhv etməmişəm, bütün xalları maksimum dərəcədə toplamışıq. Təəssüf ki, qalibiyyət qazana biləcək maşınımız yoxdur. Yenə də özümü yaxşı səviyyədə görürəm, amma inkişafı davam etdirməliyəm”.

Zandfort təcrübəsindən çıxarılan dərslər barədə dabnışan Lekler, kiçik addımlarla inkişafın vacibliyini vurğulayıb: “Cümə günü 1.5 saniyə geri idik, amma sıralanma turunda çox  yaxınlaşdıq. Kiçik bir səhv olmasa, dördüncü yeri tuta bilərdim. Keçən il də Zandfortdan sonra inkişaf etmişdik, bu dəfə də oxşar ssenari oldu”.

Yarışdan vaxtından əvvəl dayandırdıqdan sonra tribuna kənarında izləmək məcburiyyətində qalması barədə isə belə deyib: “Çox da əyləncəli deyildi. Sadəcə padoka qayıtmaq üçün tribunaların arasından keçmək mümkün deyildi, buna görə orada gözləməli oldum. Baxış bucağı gözəl idi, amma əlbəttə ki, yarışda qalmaq daha yaxşı olardı”.

Rauf Hacıyev

Şərh əlavə et