Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen dəyişikliyə qarşıdır

İtaliya Qran Prisindən əvvəl mətbuat konfransında çıxış edən Maks Ferstappen həm yarışa dair gözləntilərini, həm də Formula 1-in gələcəyi ilə bağlı düşüncələrini bölüşüb.

Red Bull komandasının pilotu Formula 1-in rəhbəri Stefano Domenikalinin yarışların müddətini qısaltmaq və sprint formatını daha da genişləndirmək planlarına açıq şəkildə qarşı çıxıb.

Maks Ferstappen: “Formula 1 1950-ci illərdən bəri belədir. İdman əlbəttə inkişaf edə bilər, amma dəliliyə ehtiyac yoxdur. Sprint onsuz da kifayət qədər dəlisovdur”.

Niderlandlı sürücü həmçinin gənc pilotlarla qurduğu münasibətlərdən danışaraq, xüsusilə Qabriel Bortoleto ilə yaxın əlaqəsinə diqqət çəkib: “Onlarla yaxşı anlaşırıq, çünki hər kəs özü kimi davranır və böyük xəyallarla bura gəlir. Qabi Formula 1-ə addım atdı və tez-tez danışırıq, gələcəklə bağlı fikirlərimizi paylaşırıq. Mən bir az daha təcrübəliyəm, amma yeni nəsildən də öyrəniləcək çox şey var. Buna görə açıq olmaqdan çəkinmirəm”.

Bolidin performansını dəyərləndirən dördqat Dünya Çempionu, rəqiblərlə müqayisədə McLaren-in üstünlüyünü qəbul edib: “McLaren açıq şəkildə fərqli səviyyədədir, amma onun arxasında rəqabət çox sıxdır. Doğru sazlamanı tapmaq çox önəmlidir. Bəzən həftə sonu risk alıram, fərqli şeylər sınayıram. Bu, qısa vədədə sıralanma turunda və ya yarışda baha başa gələ bilər, amma uzun müddətdə maşını daha yaxşı anlamağımıza kömək edir. Əsas məsələ mövsüm boyu performansı gücləndirməkdir”.

Maks Ferstappen Red Bull-un hədəflərinin dəyişmədiyini vurğulayıb: “Pis vəziyyətdə deyilik, sonuncu yerdə getmirik. Çempionatda üçüncüyəm, yarışlar qazanmışam. Amma bu komandanın standartları çox yüksəkdir, biz ikinci ya da üçüncü olmaq üçün burada deyilik. Heç kim uduzmağı sevmir. Həll yolunu bir gündə gətirə bilməzsiniz, hər şeyi birlikdə başa düşməyə çalışırıq. 2023-cü ildə demək olar bütün yarışları qazananda belə daha yaxşısını istəyirdik. İndi başqası bizdən daha yaxşı iş görüb, bunu qəbul etmək lazımdır”.

Montsa üzrə proqnozlarını isə ehtiyatlı şəkildə ifadə edən niderlandlı pilot bunları deyib: “Zandfortda bir az bəxt hesabına podiuma yaxın idik, amma Montsanın düzlükləri bizə tam uyğun deyil. Yenə də yaxşı sıralama turu keçirə bilsək, yarışda nələrin olacağını görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et