Niderland Qran Prisində son dövrlərdə texniki problem üzündən yarışı dayandırmaq məcburiyyətində qalan Lando Norris çempionluq uğrunda mübarizəsini çətinləşdirib. Mövsümün sonuna doqquz mərhələ qalmış McLaren pilotu komanda yoldaşı Oskar Piastridən 34 xal geri qalır.
Montsada jurnalistlərin suallarına cavab verən Lando Norris bunları deyib: “Əgər titulu Zandfortdakı çıxışa görə uduzsam – bu, həyatdır. Mən heç vaxt bəxtə və ya şansa güvənmirəm, bu, mənasızdır. Mənim üçün ən vacibi vaxtımı ümidlərə və dualara sərf etməməkdir.
Keçən həftəsonu bəxtim gətirmədi, amma bu, həyatdır. Belə hallar mövsümün sonuna qədər davam edə bilər, amma bəlkə də heç təkrarlanmaz. Əgər sonda çatışmayan o xallara görə titulu əldən verərəmsə, əlbəttə, çətin olacaq, amma bu, həyatdır. Gələn mövsüm daha güclü qayıdıb, daha yaxşı çıxış etməyə çalışacağam”.
Lando Norris həmçinin vurğulayıb ki, rəqabət Piastri ilə münasibətlərinə zərər vurmur: “Biz bir-birimizə hörmətlə yanaşırıq. Mənim üçün əsas odur ki, həmişə gücümüzün son həddində mübarizə aparaq. Əgər Oskar daha yaxşı iş görürsə, bunu qəbul edirəm. Mən ona heç vaxt texniki problem arzulamıram. Qoy ən güclü sürücü qalib gəlsin. Əgər ilin sonunda qalib o olacaqsa, mən buna hörmətlə yanaşacağam”.
Şərh əlavə et