Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell stüardlardan narazı qalıb

Mercedes komandasının sürücüsü İtaliya Qran Prisindən əvvəl keçirilən mətbuat konfransında stüardlardan gileylənib.

Niderland Qran Prisində verilən qərarlardan narazı qalanlar arasında yalnız Lyuis Həmilton və Karlos Sayns yox, həm də Corc Rassell olub. Mercedes komandasının sürücüsü xüsusilə Şarl Leklerlə bağlı insidentin düzgün qiymətləndirilmədiyini düşünür.

Corc Rassell: “Ədalət naminə deməliyəm ki, stüardların o an dəqiq qərar verməsi çətin idi. Kadrda Leklerin trasdan kənara çıxdığı görünmürdü, fotoqraflar da həmin anı çəkməmişdilər. Amma mən əmin idim ki, o trasdan kənara çıxıb, çünki mənim maşınım belə ağ xəttin üstündə idi.

İndi isə bizdə həmin anı açıq göstərən şəkillər var. Amma düşünmürəm ki, əlavə şikayət etməyin mənası olsun. Qərar doğru da ola bilər, sadəcə bəzən stüardlarda bütün məlumatlar olmur.

Ümid edirəm ki, Montsasa əvvəlki yarışlardan daha yaxşı çıxış edəcəyik. Hazırda real hədəfimiz məlumdur – yaxşı günümüzdə 3-cü yeri, uğursuz günümüzdə isə 6-cı yeri tuta bilərik. Təxminən belə bir diapazonumuz var. Amma istəyirik ki, podiuma daha yaxın olaq”.

Bundan əlavə, Corcdan Mercedes-lə 2026-cı il üçün müqaviləsinin hələ də təsdiqlənməməsi barədə soruşublar.

Corc Rassell: “Daha əvvəl dediyim kimi, biz hər şeyi düzgün şəkildə həll etmək istəyirik. İndiki dövrdə Formula 1 çox mürəkkəb idmandır. Biz yalnız 24 yarışda start almırıq, həm də çoxlu tədbirlərdə iştirak edirik.

Müzakirələr davam edir, məqsəd həm Mercedes, həm də mənim üçün düzgün balans tapmaqdır. Balans dedikdə, yarışlara hazırlıq, mühəndislərlə iş və simulyator məşqlərinə kifayət qədər vaxt ayırmağı nəzərdə tuturam. Mənim bu sahələrə az vaxt ayırmağım olub, çünki çox vaxt başqa fəaliyyətlərə sərf etmişəm.

Heç bir ciddi problem yoxdur, proses lazımi istiqamətdə gedir. Amma hazırda bizim üçün əsas diqqət Montsadakı həftəsonusur”.

Rauf Hacıyev

Şərh əlavə et