Xəbəri Kokpitdə Oxuyun!

Alonso: İşimiz çətin olacaq

Təcrübəli sürücü Fernando Alonso İtaliya Qran Prisindən əvvəl komandanın son aylarda əldə etdiyi inkişafdan danışsa da, uzun düzlüklərdə rəqiblərlə müqayisədə çətinlik yaşayacaqlarını etiraf edib.

Kokpit.az xatırladır ki, Aston Martin komandası son iki yarışdan yaxşı xallar qazansa da, uzun düzlükləri olan Belçikada ən zəif maşın təsiri bağışlamışdı.

Fernando Alonso Spa təcrübəsinin onları daha ehtiyatlı olmağa məcbur etdiyini deyib: “Montsaya performans baxımından bir qədər daha ehtiyatlı gəlirik. Son düzlüklü tras Spa idi və orada çox sürətli deyildik. Spadan sonra bəzi dəyişikliklər etdik, həm maşının sazlanmasına, həm də həftəsonuna yanaşmamıza… Ümid edirəm ki, burada bir az daha yaxşı olarıq, amma kağız üzərində Montsa son iki yarışa o qədər də bənzəmir”.

Mövsümün əvvəlindəki zəif performans ilə müqayisədə böyük addımlar atdıqlarını deyən Fernando Alonso belə davam edib: “Çempionatda ilk xalımı səkkizinci və ya doqquzuncu yarışda qazanmışdım. O vaxt ilk onluq üçün şansımız çox az idi. İndi isə orta qrupda mübarizə aparır və mütəmadi olaraq xal toplaya bilirik. Son doqquz yarışın yeddisində son sesiyaya çıxdım. Maşınımız indi çox fərqlidir, aerodinamik baxımdan balanslıdır, idarə etmək asandır və dövrəni bir araya gətirmək mümkündür”.

Alonso qalan yarışlarla bağlı hədəflərindən də danışıb: “Budapeşt və Zandforta bənzəyən bir neçə tras var. Sinqapur bunlardan biri ola bilər, bəlkə Braziliya da. Amma bəzən bizə mənfi, bəzən müsbət sürprizlər oldu. Ona görə də ümidlərimizi tək bir tras üzərinə qurmuruq. Hər həftəsonuna maksimum gücümüzü verəcəyik. Montsa yarışı çətin görünür, amma əlimizdən gələni edəcəyik və mövsüm sonunda, Əbu Dabidə topladığımız xallara və çempionatdakı mövqeyimizə baxacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et