Xəbəri Kokpitdə Oxuyun!

S.Domenikali: Hər şey sadə dildə olmalıdır

Formula 1-in baş direktoru Stefano Domenikali bildirib ki, 2026-cı ildə qüvvəyə minəcək texniki qaydaların gündəlik izləyicilər üçün sadə dildə təqdim edilməsi, çempionatın cazibəsini qorumaq üçün həlledici olacaq.

Gələn ildən qüvvəyə minəcək yeni texniki reqıament həm şassi, həm də güc qurğularını əhatə edir: maşınlar daha kiçik olacaq, aktiv aerodinamika tətbiq ediləcək və hibridləşmə artırılacaq. Eyni zamanda DRS-in yerini “overboost” sistemi tutacaq, daxiliyanma mühərriki ilə MGU generatorunun çıxış gücü isə təxminən 50/50 nisbətində bölüşdürüləcək.

Bəzi komandalar və sürücülər yeni mühərriklərin idarəetmə çətinliklərindən narahat olduqlarını açıqlayıb. Hətta 2014-cü ildə Mercedes-in turbo-hibrid erasında Ferrari və Renault-ya böyük fərq atdığı dövrün təkrarlanmasından qorxanlar da var.

Domenikali isə qaydaların azarkeşlərə sadə dillə çatdırılmasının vacibliyini vurğulayıb: “Gələn mövsüm çox önəmli olacaq. Çox böyük qayda dəyişikliyi ilə üz-üzəyik və texniki yenilikləri sadə terminlərlə izah etmək vacibdir. Mühəndis dili işlətmək istəmirik; sadə və praktik olmalıyıq. Yeni azarkeşlərin idmana gəldiyini nəzərə almalıyıq”.

F1-in rəhbəri FIA və komandaların nümayəndələri ilə mediaya xüsusi görüş təşkil edərək, dəyişikliklərin necə sadə izah ediləcəyini planlaşdırdıqlarını açıqlayıb. Onun sözlərinə görə, qısa “məlumat paketləri” və qrafiklər vasitəsilə maşının necə işlədiyi və sürücülərin nələrə uyğunlaşmalı olduqları izləyicilərə izah ediləcək.

Domenikali həmçinin İtaliya Qran Prisindən sonra 2030-cu il mühərrik planlarının müzakirə olunacağını təsdiqləyib: “Sabitlik və balans vacibdir. Sürətli hibridləşmə maşınları ağırlaşdırır və böyüdür, bu isə maraqlı deyil. Sintetik yanacaq əsasda olmalıdır. Məqsədimiz xərcləri azaltmaq, istehsalçıların ehtiyaclarını qarşılamaq və mümkün böhranlarda maksimum müstəqilliyi təmin etməkdir. Böyük istehsalçıları saxlamaq və bəlkə də yenilərini cəlb etmək əsas hədəfdir”.

Rauf Hacıyev

Şərh əlavə et