Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Təkər yeyilməsi düzəlməlidir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, təkər yeyilməsini düzəltməlidirlər.

Son yarış həftəsində yalnız Maks Ferstappen yox, Yuki Tsunoda da Red Bull Racing-ə xal qazandırıb. İndi hər iki sürücü İtaliya Qran Prisinə yaxşı əhval-ruhiyyə ilə hazırlaşır. Onları inamlı edən səbəblər müxtəlif olsa da, komandanın qarşısında hələ də bir sıra çətin tapşırıqlar var.

Maks Ferstappen: “Zandfortda 2-ci yer bizim üçün pis nəticə deyildi. Niderlandlı azarkeşlərin qarşısında bu uğuru qeyd etmək çox xoş idi. İndi isə Montsaya yollanırıq. Bu, çox sürətli və tarixi trasdır, tamaşaçılar da həmişə emosional olur. Komanda olaraq müxtəlif sahələrdə, xüsusilə də təkərlərin yeyilməsində inkişaf əldə etməliyik. Sıralanma tempində də, yarış tempində də stabil olmaq vacibdir. Montsa köhnə nəsil traslardandır və mən orada yarışmağı sevirəm. Görək bu həftə sonu nəyə nail ola biləcəyik”.

Yuki Tsunoda: “Zandfortda xal qazanmağımız bizim üçün vacib addım idi. İndi isə bu əhval-ruhiyyəni Montsaya da daşımaq istəyirəm. Mənim üçün bu yarış demək olar ki, ev yarışı kimidir, çünki hər il müəyyən müddət İtaliyada yaşayıram. Özümü evdəki kimi hiss etmək və yerli mətbəxdən zövq almaq xoşdur. Hətta komanda da məndən restoran tövsiyələri istədi, uik-end başlamazdan əvvəl mexaniklər və mühəndislərlə birlikdə pitsa yeməyə gedəcəyik. Montsa təqvimin ən klassik traslarından biridir, bütün sürücülər bu yarışı səbirsizliklə gözləyirlər. Biz hər yarışda inkişaf edirik və maşını daha da rəqabətədavamlı etmək üçün işləməyə davam edəcəyik. Ümid edirəm ki, Avropa mərhələsinin sonunu pozitiv şəkildə başa vuracağıq”.

Rauf Hacıyev

Şərh əlavə et