Xəbəri Kokpitdə Oxuyun!

Ferrari təzyiq altındadır

Ferrari ilə ilk dəfə Montsa Qran Prisinə çıxmağa hazırlaşan Lyuis Həmilton komandanın – xüsusilə də özünün – “çox böyük bir təzyiq altında” olduğunu deyib.

Kokpit.az xatırladır ki, Yeddiqat Dünya Çempionu karyerası ərzində Motsada beş dəfə qalib gəlsə də, son podyumu 2019-cu ilə təsadüf edib. Bu mövsüm isə Ferrari hələlik heç bir qələbə qazana bilməyib və Həmilton da indiyə kimi komanda yoldaşı Şarl Leklerin kölgəsində qalıb. Üstəlik britaniyalı sürücü həftəsonuna əlavə çətinliklərlə başlayacaq – aldığı beş yerlik cərimə onun işini daha da mürəkkəbləşdirir.

Lyuis Həmilton: “Komanda olaraq üzərimizdə həqiqətən böyük bir təzyiq var. Mənim üçün isə daha çoxdur, çünki yaxşı mövsüm keçirməmişəm. Gələn həftə azarkeşlərdən gələn bütün enerjini toplamağa çalışacağıq”.

Həmilton üçün bu, Ferrari sürücüsü kimi İtaliyadakı ilk Qran Pri olmayacaq. O, mövsümün əvvəlində keçirilən İmola yarışında dördüncü yeri tutmuşdu. Ancaq Şarl Lekler komanda yoldaşına Monza atmosferinin fərqli olacağını xatırladıb: “Bu həftənin nə qədər xüsusi hiss etdirəcəyini görəndə əminən ki, təəccüblənəcək. Mən Montsada Ferrari ilə qalib gələndə hələ Sauber-dən gəlmişdim; hər şey bir anda oldu və çox dəlisov yarış idi. Montsa təcrübəsi hər sürücü üçün bənzərsizdir – xüsusilə də ilk dəfə olanda”.

Şarl Lekler həmçinin əlavə edib: “Ona həftənin nə qədər yorucu keçəcəyini söylədim. Çünki Montsa bir tərəfdən yorucu, digər tərəfdən isə çərşənbədən bazara qədər inanılmaz pozitiv enerji ilə doludur. Əslində bazar günü finişə qədər yorğunluğu hiss etmirsən. Bu barədə bir az danışdıq və onun da bu təcrübəni səbirsizliklə gözlədiyini düşünürəm. Ümid edirəm ki, bu həftəsonu ikimizdən biri qələbə qazanacaq. Bu, həqiqətən çox xüsusi olar. Favorit olduğumuzu düşünmürəm, amma Montsadakı enerji və atmosfer hər şeyi dəyişə bilər”.

Rauf Hacıyev

Şərh əlavə et