Xəbəri Kokpitdə Oxuyun!

Yarış məsafəsi qısalır?

Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenicali İtaliya Qran Prisi ərəfəsində yarış həftəsonunun formatında gələcəkdə hansı dəyişikliklərin ola biləcəyinə dair uzunmüddətli planlarını bölüşüb.

Kokpit.az bildirir ki, xüsusilə, Formula 1-də cümə sərbəst yürüşlərindən imtina, yarış məsafələrinin qısaldılması və əks start düzümünün tətbiqi müzakirə olunur.

Stefano Domenikali: “Biz qarşıdakı illərdə istifadə olunacaq həftəsonu formatını müzakirə edirik və hər şeydən əvvəl söhbət sprintli həftəsonlarından gedir. Biz anlamalıyıq ki, sprintlərin sayını artırmağa dəyərmi, bunu necə etmək olar və başqa formatlardan istifadə etmək mümkündürmü. Komandalarla bir neçə müzakirə aparmaq lazımdır. Daha sonra isə növbəti istiqaməti seçmək olar.

Onu deyim ki, bəzi köhnə sadiq azarkeşlər istisna olmaqla, hamı sprintli həftəsonları istəyir. Promouterlər bu formatı dəstəkləyir, indi sürücülərin özləri də maraq göstərirlər.

Mən bir qədər provokativ şeylər deyəcəyəm, amma sərbəst yürüşlər yalnız mütəxəssislər üçün maraqlıdır. İnsanlar isə trasda daha çox hadisə görmək istəyirlər, buna görə də sprintli həftəsonlara üstünlük verirlər. Cümə günü keçirilən sıralanma sayəsində müzakirə mövzusu daha çox olur. Amma başa düşürəm ki, bütün bunlar hələ Formula 1-in mədəniyyətinin bir hissəsinə çevrilməlidir.

İnkişaf istiqaməti aydındır: mən zəmanət verə bilərəm ki, bir neçə ildən sonra bütün həftəsonlarının vahid formatda keçirilməsinə tələbat yaranacaq. Mən demirəm ki, biz MotoGP-də olduğu kimi hər mərhələdə sprint keçirəcəyik – bu, çox ciddi addım olar. Mən bunu daha çox böyümə prosesi kimi görürəm, hansı ki, daha ənənəvi yanaşmaya hörmət əsasında qurulub.

Söhbət sürücülərə gəldikdə isə, əvvəlcə on səkkizi sprintə qarşı idi, ikisi isə lehinə – indi isə tam əksinədir. Biz bu mövzunu Avstriyada keçirilən şam yeməyində müzakirə etdik və hamı tərəfdar oldu. Hətta Maks Ferstappen belə mənimlə təkbətək söhbətdə dedi ki, sprintin mənası var. Deməli, mən  bu formata münasibətin dəyişdiyini görürən. Axı, sürücülər trasda mübarizə aparmaq üçün doğulublar.

Promouterlər və azarkeşlər trasda daha çox hadisə istəyirlər. İndi isə onlar bunun mümkünküyünü başa düşürlər. Bizim sorğularımız göstərir ki, tamaşaçıların çoxu sürücülərin nəticə uğrunda mübarizəsini görmək istəyir.

Açığı, auditoriya sərbəst yürüşlərdən yorulub. Bu, obyektiv faktdır və biz onu görməzdən gələ bilmərik”.

Domenikali yarış məsafələrinin qısaldılması mövzusuna da toxunub: “Gənc auditoriya üçün yarışlar çox uzun ola bilər. Biz görürük ki, bizim kanallarda ən çox tələb olunanlar ən yaxşı anların toplusudur. Hazırkı formatda böyüyənlər üçün məsafə normaldır, amma auditoriyanın əhəmiyyətli hissəsi yalnız əsas anlara baxmaq istəyir.

Hazırda bizim üçün hər şey yaxşı gedir, amma məhz buna görə biz lovğalanmamalıyıq. Növbəti addımı düşünmək lazımdır.

Hazırda gündəmdə əks start düzümüdür. Biz bu mövzunu əvvəllər müzakirə etmişdik, amma yaxın aylarda onu yenidən müzakirəyə qaytarmaq üçün cəsarət lazım olacaq. Mən eşitmişəm ki, bir neçə sürücü belə variant təklif edib.

Əvvəlcə hamı əleyhinə idi, amma son görüşdə əksəriyyəti “Niyə də sınamayaq?” dedi. Hər bir fikrin dəyəri var. Biz bu barədə FIA ilə müzakirə aparacağıq və bu tendensiyanı mümkün qədər dəqiq izah edəcəyik, əmin olun”.

Rauf Hacıyev

Şərh əlavə et