Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Herta Cadillac-ın test pilotudur

Cadillac komandası Kolton Hertayla müqavilə imzaladığını açıqlayıb. IndyCar yarışlarında doqquz qələbə qazanmış sürücü test-pilot statusu alıb və 2026-cı ildə Formula 1-də debütə hazırlaşan komandaya kömək edəcək.

Kokpit.az bildirir ki, Hertanın 2026-cı ildəki yarış proqramı daha sonra Cadillac tərəfindən  açıqlanacaq. Daha əvvəl amerikalı sürücünün superlisenziya üçün lazım olan xalları toplamaq məqsədilə Formula 2-yə keçə biləcəyi barədə şayiələr yayılmışdı.

Kolton Herta: “Cadillac Formula 1 komandasına test pilotu kimi qoşulduğuma görə inanılmaz dərəcədə şadam. Bu, uzun müddət arzuladığım bir xəyali reallaşdırmaq imkanıdır. Belə vacib bir məqamda Cadillac-ın bir hissəsi olmaq fürsətini əldən verə bilməzdim.

Mən həmişə Formula 1-də yarışmağı arzulamışam və bu müqavilənin imzalanması bu istiqamətdə böyük addımdır. İndi tam diqqətimi Cadillac-a həsr etmişəm, komandaya maksimum fayda vermək və rəqabətədavamlı komanda qurmağa kömək etmək üçün əlimdən gələni edəcəyəm”.

Komandanın rəhbəri Qrem Loudon: “Kolton Hertanı test-pilot kimi qarşılamaqdan məmnunuq. Kolton istedadlı sürücüdür, sürətini, ustalığını və yaşına uyğun gəlməyən yetkin xarakterini dəfələrlə sübut edib.

Onun TWG Motorsport heyətində ABŞ-ın ən yüksək səviyyəli yarış seriyasında qazandığı təcrübə bu rol üçün ideal namizəd olmasına səbəb olub. O, komandamıza dəyərli və yeni ideyalar, baxışlar və enerji gətirəcək. Biz gələcəyimizi qurmağa davam edirik.

Amerikalı sürücünün Formula 1-də amerikalı komandaya qoşulması yalnız bizim üçün deyil, həm də bütün Amerika avtoidmanı üçün son dərəcə vacib məqamdır. Kolton Cadillac F1 komandasının fərqləndirən ehtirasını,  ambisiyalarınş və rəqabət ruhunu təcəssüm etdirir. Onun bizimlə birlikdə dünya arenasında Amerika bayrağını dalğalandırmasından qürur duyuruq”.

Rauf Hacıyev

Şərh əlavə et