Xəbəri Kokpitdə Oxuyun!

P.Aron Kolapintonu əvəz edəcək

İtaliya Qran Prisinin birinci sərbıst yürüşlərində Alpine komandası Pol Aronu sükan arxasına keçirəcək. Estoniyalı sürücü Franko Kolapintonu əvəz edəcək.

Alpine komandası İtaliya Qran Prisinin birinci sərbəst yürüşlərində gənc sürücülərinə  şans verəcək. İlk sessiyada sükan arxasına Pol Aron keçəcək. Əsas pilotlar Pyer Qasli və Franko Kolapinto  isə bazar günü uğur qazanmaq üçün bütün diqqətlərini yarışa yönəldəcəklər.

Paul Aron (rezerv sürücü): “Montsada Alpine ilə ilk rəsmi Qran Primə çıxmaq fürsətini səbirsizliklə gözləyirəm. Komandaya ötən ilin sonunda qoşulandan bəri burada hər kəsi yaxşı tanımışam. Mənə bu imkanı verdikləri üçün komandaya təşəkkür edirəm.

Məqsədim maşının sazlanmasına kömək edib, komandanın rəqabətədavamlı olmasına töhfə verməkdir. Simulyator və testlərdən qazandığım təcrübəni real şəraitdə inkişaf etdirmək istəyirəm. Əlimdən gələni edəcəyəm ki, məşq həm mənim üçün, həm də komanda üçün faydalı olsun”.

Franko Kolapinto: “Zandfortda mövsümün ən yaxşı nəticəsini göstərib 11-ci yerdə finişə çatmaq xoş oldu. Hadisələrlə zəngin yarış idi və biz xal uğrunda mübarizə aparmağa yaxın idik. Bir tərəfdən bu, inkişafın göstəricisidir, amma digər tərəfdən xal qazanmamaq bir az məyusedici oldu.

Keçən il F1-də debütümü məhz Montsada etmişdim və indi artıq daha çox təcrübə ilə qayıdıram. Bu tras sürətli düzlükləri və tarixi ab-havası ilə demək olar ki, hamının xoşuna gəlir. İkinci sərbəst yürüşdə sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm”.

Pyer Qasli: “Zandfortdan sonra çox şey öyrəndik. Yarış xaotik idi, amma maraqlı keçdi. Təəssüf ki, Hard təkərlərdə qalmaq qərarı bizə baha başa gəldi və xalsız qaldıq.

Montsa mənim üçün xüsusi trasdır. 2020-ci ildə  F1-də ilk qələbəmi burada qazanmışam. Üstəlik, Milanda yaşayıram, yəni evimdə qala bilirəm – bu, əsl üstünlükdür!

Tras sürətli və tarixi trasdır. Uzun düzlüklər ötmə üçün yaxşı imkanlar yaradır, amma xüsusən də ilk şikan kimi yavaş döngələrdə səhv etməmək çox vacibdir. Komanda çox çalışır və Zandfort təcrübəsini nəzərə alaraq Avropa mövsümünü yaxşı nəticə ilə bitirmək istəyirik”.

Rauf Hacıyev

Şərh əlavə et