Komanda mövsümdə ikinci ev yarışına təsadüf edən Montsa üçün yeni dizaynlı bolidini təqdim edib.
Yeni rəng çaları Ferrari-nin tarixən istifadə etdiyi ənənəvi qırmızı rəngi qoruyur, lakin mühərrik örtüyündə ağ elementlər də öz əksini tapıb.
Bu dizayn 50 il əvvəl Niki Laudaya ilk dünya çempionluğunu qazandırmış Ferrari 312 T modelinə işarədir.
Lauda həmin titulu 1975-ci ilin 7 sentyabrında Montsada əldə etmişdi. O, yarışı üçüncü yerdə bitirərək, çempionluğu rəsmiləşdirmiş, komanda yoldaşı Kley Reqqatsoni isə qələbə qazanmışdı.
Avstriyalının bu uğuru Ferrari üçün 11 illik fasiləni sonlandırmış və komandanın yeni uğurlar dövrünün başlanğıcına çevrilmişdi.
Ferrari açıqlamasında bildirib ki, 312 T-dən ilhamlanan yeni dizaynda “50 il əvvəlki qırmızı rəng tonu, klassik ağ uzununa zolaqlar və sürücülərin adlarının kursiv şriftlərlə yazılması” öz əksini tapıb.
Pilot nömrələri də dəyişdirilib: artıq onlar ağ düzbucaqlı fon üzərində qara rəngdədir.
Arxa qanad isə Lauda dövründə istifadə olunan alüminium detallarını xatırladan metalik gümüş rəngdədir.
Qeyd edək ki, 2019-cu ildə vəfat edənə qədər Niki Lauda Mercedes F1 komandasının rəhbərliyində çalışırdı və Luis Həmiltonla yaxın dostluq münasibəti qurmuşdu.
Bu həftəsonu Montsada Həmilton Ferrari sürücüsü kimi ilk dəfə çıxış edəcək. Yeddiqat Dünya Çempionu, eləcə də komanda yoldaşı Şarl Lekler xüsusi dizaynlı kombinezon, ayaqqabı və dəbilqələrlə trasda olacaqlar.
Şərh əlavə et