Əslində sıralanma turundan sonra hər şey gözlənildiyi kimi idi. Ayzek Həcərin möcüzəvi dördüncü yerindən başqa hər şey gözlənilən ssenari üzərində gedirdi. McLaren-lər ilk iki yerdə idi və tarixlərində 70-ci dəfə bir yarışa ilk cərgədən başlayacaqdılar. Ferstappen onları qarabaqara izləyirdi, Ferrari-lər və Mercedes-lər isə pouldan uzaq olsalar da, yarışda fürsət axtaracaqları aşkar idi.
Yeni Eranın sakit lideri Oskar Piastridən ilk Böyük Dəbilqə
Avstraliyalı sürücü pouldan başladığı yarışda hər şeyi düzgün etdi. Startda və restartlarda düzgün reaksiya göstərərək, liderliyini qorudu. Bununla da mövsümdə yeddinci qələbəsini qazandı. Zandfortdakı yarışdan əvvəl ən yaxın rəqibi Lando Norrisi 9 xal qabaqlayırdı. Artıq bu fərq 34 xaldır. Üstəlik o, bu qələbəni Böyük Dəbilqə ilə qazandı. Gənc sürücü səssiz-sədasız titula doğru gedir…
Lando Norris – Çempionluq əldən getdi?
Britaniyalı sürücü keçən il burada qalib gəlmişdi. Özü də Maks Ferstappeni keçərək. Bu yarışda da Maks Ferstappeni keçdi, amma bu dəfə önündə Oskar Piastri var idi. 26 yaşlı pilot yarışın sonlarına qədər komanda yoldaşını izləsə də, motor problemi hər şeyi məhv etdi. Artıq mövsümün sonuna 9 yarış qalır və Oskar Piastrinin 34 xallıq üstünlüyü var.
Lando Norrisin mübarizəni dayandırdıqdan sonra kənarda məyus halda oturmağı isə mənə iki epizodu xatırlatdı – birincisi Mika Həkkinenin 1999-cu ilin Montsa yarışında mübarizəni dayandırdıqdan sonra ağlaması, ikincisi 2016-cı ilin Malaziya yarışında Lyuis Həmiltonun mübarizəni dayandırmasından sonrakı məyusluğu. Mika o yarışdan sonra özünü toparlamış və 1999-cu ildə titulu qazanmışdı. Həmilton isə 2016-cı ildə Rosberqə uduzmuşdu. Bəs Norris necə edəcək?
Əsrimizin Prostu – Ayzek Hacar
Sözün düzü, Hacar sıralanma turunda dördüncü olduqdan sonra onun bu yeri qoruya biləcəyini düşünmürdüm. Bu düşüncənin səbəbi fransız sürücünün istedadı yox, Racing Bulls-un performansı idi. Lakin debütant sürücü yarış ərzində möhtəşəm performans göstərdi. Arxasında Ferrari və Mercedes pilotlarını saxladı. Üstəlik yarışın sonlarında Norrisin mübarizəni dayandırması ilə debüt mövsümündə – karyerasının 15-ci yarışında podiuma yüksəldi. Düzdür, bu uğurda Ayzekin bir az bəxti də gətirdi, amma bəxt həmişə hazır olanın ayağına gəlir. Bununla da, Ayzek Həcər də Kimi Antonelli və Niko Hülkenberq kimi bu mövsüm ilk dəfə podiuma yüksəlmiş oldu.
Ferrari-nin qara günü
Ferrari Belçikaya yeni arxa asılqanı gətirdikdən sonra performanslarında bir qədər inkişaf hiss olunurdu. Lakin onlara uyğun olmayan Zandfort yarışında pouldan 0.6 saniyə geri qalaraq, yarışa altı və yeddinci yerlərdən başladılar. Buna baxmayaraq, “qırmızılar” xüsusən də Şarl leklerin timsalında yarışın müəyyən fazalarında podiuma yaxın oldular. Monakolu sürücüyə undercut etmək üçün əvvəlcə komanda yoldaşı Lyuis Həmiltonun üçüncü döngədəki qəzası imkan vermədi. Daha sonra isə Kimi Antonellinin elə eyni döngədə ona təması hər şeyi korladı. Beləliklə, Ferrari bu mövsüm Çin yarışından sonra ikinci dəfə bir Qran Pridən tam heyətlə xalsız qayıtdı. Beləliklə, “qırmızılar” son iki yarışdan cəmi 12 xal toplamış oldular.
Haas-ın geridönüşü, Willimas-ın uğuru və Aston Martin-in iddiasını davam etdirməsi
Mövsümün orta komandaları isə öz aralarında kiçik mübarizə aparırlar. Bunlardan ən əsası Williams və Aston Martin komandalarının beşinci yer uğrundakı mübarizələridir. Yarışdan əvvəl Williams-la Aston Martin arasında 18 xal fərq var idi və bu fərq olduğu kimi qaldı. Elbon beşinci olaraq, Britaniya komandasının builki ən yaxşı nəticəsini təkrarladı. Aston Martin komandasının sürücüləri Ləns Stroll və Fernando Alonso isə 7 və 8-ci yerləri tutaraq, komandalarının aktivinə 10 xal gətirdi. Fernando bu yarışda pit-stoplara tələsməsəydi, ən pis halda 6-cı yeri tuta bilərdi. Ləns Stroll isə sərbəst yürüşlərdə və sıralanma turunda etdiyi qəzalardan sonra yeddinci olaraq, tənqidçiləri qismən susdurdu.
Williams komandasının digər sürücüsü Karlos Sayns isə yenə də yaxşı keçirdiyi yarışda qəza edərək, xalsız qaldı. İspaniyalı sürücünün beyni elə bil hələ də Ferrari-də qalıb. Sanki Həmiltonun onu əvəzləməsini qəbul edə bilmir və özünü isbatlamaq istəyir. Buna görə də artıq bu mövsüm neçənci dəfədir ki, debütant səhvləri edir.
Həftəsonunun digər ulduzu isə Oliver Berman idi. Gənc britaniyalı pit yolundan başladığı yarışda bir az da təhlükəsizlik maşınının köməyi ilə 6-cı yeri tutdu. Esteban Okon isə 18-ci başladığı 10-cu bitirirərək, komandasına daha bir xal gətirdi. Bu nəticələr həm iki sürücü üçün, həm də Haas komandası üçün möhtəşəm oldu. İndi onlar Sauber ilə səkkizinci yer uğrunda mübarizə apara bilərlər.
Beləliklə, mövsümün restartı çox dramatik alındı. İndi isə növbədə əfsanəvi Montsa yarışı var. Bəs bizi orada nə gözləyir? Bilmək üçün bizi izləyin
Şərh əlavə et