Xəbəri Kokpitdə Oxuyun!

O.Berman: Düz strategiya seçdik

Haas komandasının sürücüləri Zandfort yarışında xal qazanaraq, turnir cədvəlindəki yerlərini yaxşılaşdırıblar.

Zandfortda keçirilən Niderland Qran Prisində Haas F1 komandası hər iki maşınla xal zonasına düşüb. Komanda ümumilikdə 9 xal qazanıb ki, bu da mart ayında Çin yarışında əldə edilən nəticədən sonra ən yaxşı göstərici olub.

Oliver Berman yarışı 6-cı pillədə başa vurub: “Belə nəticəni gözləmirdim, bu gün sadəcə bəxtim gətirdi. Bəzən doğru zamanda doğru yerdə olmaq lazımdır. Biz düzgün strategiya seçdik, maşın sürətli idi, komanda əla işlədi. Mən pit yolundan start götürdüm, amma Estebanla birlikdə xal qazanmaqdan çox məmnunam. Komanda əlindən gələni edir, addım-addım irəliləyirik. Görüləsi iş hələ çoxdur, amma doğru yoldayıq”.

Esteban Ocon isə 10-cu yer tutaraq əlavə xal gətirib:

“Komanda üçün hər iki maşınla xal qazanmaq çox vacibdir. Təəssüf ki, ikinci təhlükəsizlik maşını mənim üçün uğursuz oldu, 3-4 mövqe itirdim. Amma ümumilikdə çox razıyam və Oliverin nəticəsinə görə şadam. Yarışda bir-birimizə kömək etdik, irəliləyərkən ona DRS verdim. Bu, əsl komanda işi idi. Eyni zamanda həmyerlim Ayzek Hacarı ilk podiumuna görə təbrik etmək istəyirəm – bu günü heç vaxt unutmayacaq”.

Rauf Hacıyev

Şərh əlavə et