Xəbəri Kokpitdə Oxuyun!

L.Stroll: Düzgün taktika seçdik

Aston Martin komandasının sürücüsü Ləns Stroll bildirib ki, düzgün taktika seçərək, yarışda yaxşı nəticə qazanıb.

Zandfortdakı Niderland Qran Prisində Aston Martin uğurlu nəticə əldə edib – həm Ləns Stroll, həm də Fernando Alonso xal zonasına düşərək, komanda üçün vacib xallar qazanıb.

Xüsusən də kanadalı sürücü yaxşı performansla yarışı yeddinci yerdə bitirib və aktivinə 6 xal yazdırıb.

Ləns Stroll: “Yarış çox hadisəli keçdi, irəliləmək üçün imkanlar çox idi və şadam ki, hər iki maşın ilk onluqda finiş gördü. Yarışın əvvəlində düzgün taktika seçib erkən pit-stopa getdik və mövqelərimizi yaxşılaşdırdıq.

Həftəsonu bizim üçün çətin başlamışdı. 19-cu yerdən start aldım, üstəlik, cümə və şənbə günü komanda maşınımı bərpa etmək üçün çox işləməli oldu. Buna baxmayaraq, yarışın gedişində toparlanmaq xoş idi.

İndi isə Montsanı səbirsizliklə gözləyirəm”.

Mayk Krak, yarış direktoru: “Həftəsonu, eləcə də bugünkü yarışda çox hadisələr oldu, amma Zandfortdan hər iki maşınla xal qazanaraq ayrılmaq çox yaxşıdır. Ləns və Fernando maksimum güclərini ortaya qoydular. Bizim əlavə təkər dəstimizi yarışa saxlamamız düzgün qərar oldu.

Maşın yaxşı tempə malik idi, sürücülərimiz isə cəsarətli hərəkətlər edərək, vacib ötmələr etdilər. Ümumilikdə 10 xal topladıq və bu, komandaya Mühəndislər Kubokunda 6-cı yeri qorumağa imkan verdi.

Həftə ərzində mexaniklər və mühəndislər çox çalışdılar, buna görə bütün komanda üzvlərinə təşəkkür edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et