Zandfortdakı Niderland Qran Prisində Racing Bulls komandasının sürücüsü Ayzek Hacar ilk dəfə podium sevincini yaşayıb. Onun çıxışı Red Bull-un idman məsləhətçisi Helmut Marko tərəfindən yüksək qiymətləndirilib və hətta dördqat Dünya Çempionu Alen Prost ilə müqayisə olunub.
Helmut Marko: “Təbii ki, Lando Norrisin yarışı yarımçıq buraxması Ayzekə kömək etdi. McLaren sürücüləri daha sürətli idilər, amma o, həm Şarl Leklerlə, həm Corc Rasselllə mübarizə apardı, soyuqqanlılığını qorudu və səhv etmədi. Hətta dördüncülük də böyük uğur olardı, amma podium daha da gözlənilməz və xoş sürpriz oldu. Əlbəttə, o buna layiq idi.
Biz Hacarı seçəndə bilirdik ki, onda xüsusi bir şey var. Mən ona ‘kiçik Prost’, ‘yeni Prost’ deyirdim. İnsanlar mənim sözlərimə gülürdülər, amma indi o nəticə qazanır və bu, doğrudan da təsir edicidir.
O, yeni traslara gələndə cəmi üç dövrəyə ehtiyac duyur ki, öyrəşsin. Cümə günü mühərriklə bağlı problemləri oldu, amma bu, ona ümumiyyətlə təsir etmədi. Mənə dedi ki, maşının sürəti ilk beşlik üçün yetərlidir və o, belə nəticəyə söz verdi. Bu da onun özünəinamının nə qədər yüksək olduğunun göstəricisidir.
Hacarın əsas komandaya keçib-keçməyəcəyinə isə sonra qərar verəcəyik”.
Şərh əlavə et