Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Uğursuz yarış idi

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, onlar daha yaxşı nəticəyə layiq olublar.

Mercedes komandası Niderland yarışında yalnız bir maşınla  xal zonasına düşə bilib. Corc Rassell yarışı 4-cü pillədə başa vurub, amma nəticədən açıq-aşkar narazı qalıb. Yarışda həm o, həm də Kimi Antonelli Şarl Leklerlə insidentlər yaşayıb.

Corc Rassell: “Düzünü desəm, 4-cü yer məni heç cür qane etmir. Startım uğursuz oldu, tempim də kifayət qədər yaxşı deyildi, sonra Şarl Lekler məni keçdi. Maşınların təması nəticəsində altlıq ciddi formada zədələndi və hər dövrədə təxminən yarım saniyə itirirdim.

Həmin şikanada adətən heç kim ötməyə cəhd etmir, çünki ideal trayektoriya apeksdə çınqıllı zonaya tərəf aparır. Onun manevri çox optimist idi, nəticədə mən podium uğrunda mübarizə aparmaq əvəzinə, sadəcə finişə çatmağa çalışdım.

Dördüncü yeri tutmağım belə böyük şans idi. Əslində, daha artığına layiq idik. Amma qeyd etməliyəm ki, Ayzek Hacar əla performans göstərdi.

Hazırda qarışıq hisslərim var, bu yarış bir çox baxımdan uğursuz oldu. İndi biz səbəbləri təhlil etməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et