Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Antonelli hər şeyi məhv etdi

Ferrari komandasının sürücüsü Şarl Lekler rəqibi Kimi Antonelli ilə yaşadığı insidenti şərh edib. Monakolu pilot bildirib ki, təmas tamamilə Antonellinin səhvinin nəticəsi olub və onun yarışı orada bitib.

Kokpit.az bildirir ki, 27 yaşlı sürücü pitdən çıxdıqdan sonra Kimi Antonelli ilə yan-yana gəlib, amma italyan sürücü idarəetməni itirərək, Leklerə çırpılıb. Lekler yerində fırlanaraq, bariyerlərə çırpılıb və mübarizəni vaxtından əvvəl dayandırıb.

Şarl Lekler: “Bu, Kiminin səhvi idi. Belə trasda ötmə etmək üçün aqressiv olmaq lazımdır, amma bu, bir az həddindən artıq oldu. Arxa sol tərəfimə toxundu və bu da yarışımın sonu oldu”.

O, hadisəni “debütant səhvi” kimi qiymətləndirməyib: “Bu cür səhvlər təkcə birinci ildə yox, beşinci ildə də ola bilər. Belə traslarda aqressiv olmaq lazımdır, amma bu dəfə artıq oldu”.

Ferrari pilotu, Corc Rassell ilə mübarizədən də danışıb: “Çox aqressiv idi, amma biz çempionatda xallar qazanmaq üçün döyüşürük. Xüsusilə Mühəndislər Kubokunda hər xal dəyərlidir. O, daxildəm müdafiə olundu, mən isə kənardan cəhd etdim. Düşünürəm ki, mənim kənardan gələcəyimi gözləmirdi və döngəni sanki mən yoxmuşam kimi aldı. Nəticədə toqquşduq”.

Hadisə ilə bağlı araşdırmaya münasibət bildirən Lekler, qərarın dərhal verilməsinin daha yaxşı olacağını qeyd edib: “Stüardların tam olaraq hara baxdığını bilmirəm. Canlı qərar verilməsi yaxşı olardı, amma bəzən tam aydın olmayan hallarda bu normaldır”.

Yarışdan əvvəl təkərləri barədə müsbət fikirlər səsləndirsə də, Lekler əsas problemin strategiya olmadığını vurğulayıb:

“Təkərlər pis deyildi, amma Kiminin çıxış dövrəsi çox güclü idi, buna görə pitə çağırıldım. Axırda hər şeyi məhv edən strategiya yox, Kiminin səhvi oldu”.

Ümumi nəticəni isə belə dəyərləndirib: “Bu həftəsonu məyusedici idi. Tətildən sonra ağır cümə günləri keçirdik və bu, bütün həftəsonuna təsir etdi”.

Bununla yanaşı, Şarl Lekler gələn həftə Montsada çıxış etməyi səbirsizliklə gözlədiyini deyib: “Çox yorucu həftə olacaq, amma inanılmaz pozitiv enerji var. Milan tədbirləri və sıx yarış proqramı bizi gözləyir. Azarkeşlərin dəstəyi möhtəşəm olacaq, buna görə də səbirsizliklə gözləyirəm”.

Lekler Montsanın Ferrari üçün daha uyğun tras olduğunu qəbul etsə də, favorit olmadıqlarını vurğulayıb: “Bu tras bizim maşının sevmədiyi hər şeyə sahib idi. Montsa daha yaxşı olacaq, amma McLaren-in çox güclü olacağını düşünürəm. Hər halda heç vaxt heç nəyi istisna etmək olmaz. Keçən il orada qələbə qazana biləcəyimizi əsla düşünməzdim”.

Rauf Hacıyev

Şərh əlavə et