Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Beşincilik mümkün idi

Aston Martin komandasının pilotu Fernando Alonso, səkkizinci yerdə tamamladığı Niderland Qran Prisini “həyəcanlı yarış” kimi dəyərləndirib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Zandfortda tez-tez sarı bayraqların qaldırıldığı yarışda komanda yoldaşı Ləns Stroll-un arxasında damalı bayrağı görüb.

İkiqat Dünya Çempionu əksər pilotlar kimi sarı bayraqlardan yararlanmaq üçün pitə girdiyini, lakin bəzi fürsətləri qaçırdıqlarını etiraf edib. Bununla yanaşı, ön qrupda bəzi sürücüləri mübarizəni dayandırması və Kimi Antonelliyə verilən 10 saniyəlik cəzanın onlar üçün şans yaratdığını da qeyd edib.

Fernando Alonso yarışını belə dəyərləndirib: “Düşünürəm ki, bu gündən alınacaq müsbət məqamlar var. Bir fürsəti qaçırdıq, amma maşının tempi yaxşı idi. Təəssüf ki, təhlükəsizlik maşınları səhv zamanda çıxdı və Hard təkər dəstlərindən istədiyimiz kimi istifadə edə bilmədik. Bu bir az məyusedicidir, amma Montsada bəxtimizi yenidən sınayacağıq”.

Təcrübəli pilot strategiya seçimlərində də tərəddüdlər yaşadığını bildirib: “İlk pitdə düzgün qərar verdiyimizdən əmin deyildim. İkinci pitdə isə bütün yarışı arxada keçirəcəyimizdən narahat oldum. Çünki maşının daha çox potensialı vardı və fərqli nəsə etməklə rəqibləri keçmək istəyirdim”.

Alonso bildirib ki, yarışda bir Red Bull və bir Haas-ı geridə qoyub, digər Haas isə son təhlükəsizlik maşınının sayəsində önlərində qalıb: “Kiminin cəzası və bəzi pilotların yarışdan kənar qalması bizə şans gətirdi. Əks halda xal qazana bilməzdik. Bunu dərk etməliyik”.

İspan pilot tempinə əsasən daha yaxşı nəticə qazana biləcəyini vurğulayıb: “Williams və Haas-dan daha sürətli idik. Elbon beşinci yerdə finiş gördü. Məncə, bu gün bizim sürətimizlə beşinci yer real idi”.

Alonso həmçinin təsdiqləyib ki, yarışın bir mərhələsində Strollun daha yeni təkərlərə malik olması səbəbindən onun ötməsinə imkan verib.

Yarışın ön qrupundakı üç pilotun fərqli səbəblərlə yarışı vaxtından əvvəl başa vurması və tez-tez sarı bayraqların olması barədə danışan Alonso, Zandfortu həyəcanlı yarış adlandıraraq, diqqətini Montsaya yönəldib: “Yarışı izləmədim, amma daim hərəkət və hadisələr vardı. Düşünürəm ki, izləmək baxımından gözəl yarış idi. İndi görək, Montsada da eyni dərəcədə hərəkət və həyəcan gətirəcəyik mi?”

Rauf Hacıyev

Şərh əlavə et