Zandfortda baş tutan təsnifat mərhələsində bütün sürücülər yalnız yumşaq C4 tərkiblərdən istifadə ediblər. Artıq ilk sürətli dövrədə təkər maksimum nəticə verib, lakin trasın vəziyyəti yaxşılaşdıqca bəzi pilotlar ikinci dövrədə də oxşar vaxt göstərə biliblər.
Pirelli Motorsport-un direktoru Mario İzola bildirib: “Zandfort kimi ötmənin çox çətin olduğu trasda yarışın nəticəsi təsnifatın nəticələrindən asılı olur. McLaren burada açıq formada üstün idi, üstəlik onların pilotlarını cəmi 0,012 saniyə ayırırdı. Burada faktiki fərq demək olar ki, yoxdur. Arxada isə 18 sürücünün nəticələri 1,5 saniyəlik intervala sığışıb. Bu, gərgin mübarizə və qeyri-müəyyən yarış vəd edir”.
İzolanın sözlərinə görə, hava şəraitinin dəyişkənliyi və təhlükəsizlik maşınının trasa çıxma ehtimalı da yarışa ciddi təsir göstərə bilər.
Strategiya proqnozları
- Simulyasiya hesablamaları iki pit-stopla yarışı bir qədər sürətli getməyin mümkün olduğunu göstərib.
- Lakin komandalar böyük ehtimalla bir pit-stoplu strategiyanı seçəcəklər, çünki ilk dövrədə qazanılan mövqe həlledici rol oynayır.
- Ən real ssenari: yarışa Medium ilə start verib və son hissədə Hard təkərlərə keçmək. Bu variant həm yağış ehtimalına, həm də təhlükəsizlik maşınının trasda görünməsinə qarşı ən etibarlı seçim hesab olunur.
- İki pit-stop seçənlər isə böyük ehtimalla üç fərqli tərkibdən istifadə edəcəklər. Çünki iki dəst yeni Hard təkər yalnız McLaren və Aston Martin-də var, iki dəst Medium isə yalnız Ayzek Hacara məxsusdur.
Pit yolundakı sürət həddi 60 km/saatdan 80 km/saata qaldırılıb. Bu dəyişiklik pit-stop vaxtını 22 saniyədən 19–20 saniyəyə endirib. Buna baxmayaraq, iki pit-stoplu taktikanın ciddi üstünlük gətirməsi gözlənilmir.
İtalyan mütəxəssis xatırladıb ki, ötən il Zandfortda “undercut” – erkən pit-stop taktikası – çox səmərəli işləyib. Ona görə də komandalar bu dəfə də həmin strategiyanı diqqətdə saxlayacaqlar.
Şərh əlavə et